AZ EN RU

Bahar təravətli, zəhmət ətirli, zövqoxşayan sənət əsəri...

    Müəllifi təbiətlə insan zəhmətidir bu möhtəşəm sənət əsərinin. Hər naxışı bir-birini müfəssəl şəkildə tamamlayan canlı, həyati əsər baxdıqca baxılır, doymaq olmur saflığından, çıxmaq olmur bir-birinə sarılaraq qol-boyun olan al-əlvan rənglərin ecazkarlıq harmoniyasının təsirindən, beləliklə, silinməz izlər buraxır yaddaşlarda. Oba-oba, qarış-qarış, gəzərək zövq almağa çalışın, seyrinə tələsin hər daşından, qayasından əcdadlarımın nəfəsi duyulan oğuz yurdunun bahar təravətli gözəlliklərindən ...

    Naxçıvan ilin bütün fəsillərində gözəldir. Yaz fəslində isə başqa bir aləmdir. Ona görə də elə indidən yola çıxın, kənd və şəhərlərimizin seyrinə. Uşaqlıq çağlarınızın şən-şıltaq keçən dövrünə səyahət etmək üçün buyurun günü-gündən müasirləşən kəndlərimizə, abad küçələrdən, döngələrdən keçdikcə qeyri-iradi boylanacaqsız illər arxasına. Xəyalınızın dünənə açılan pəncərəsindən bir anda eşidiləcək munis duyğulu səslər, xatirənizdə canlanacaq, unudulmaz, yaddançıxmaz anlar. Əllərində çörək dəstələri evə tələsən xanımları görən kimi hafizənizdə canlanacaq ana-nənələrin təndir salıb, çörək yapmasını, pendir dürməyi ilə yemək üçün məhəllə uşaqları ilə bağınızdan oğrun-oğrun pomidor qoparmağınızı, həmyaşıdlarınızla oynadığınız: qovalaqaç, gizlənqaç, qəcəmədaş, bəndə düşən bənövşə, ocaq yandı, su qaynadı kimi oyunları...

    Günəşin zərrin şəfəqləri canınızı isitdikcə daha da isinəcək xatirələr,  “Gözəllik” adlı bu əsərin hər naxışı sizi keçmişlə bu gün arasındakı nostalji duyğulara kökləyəcək. Bugünkü firavanlığa, büsatlığa rəğbət bəsləyib ürəkdən alqışlayacaq, bəzən giley-güzar edəcəksiniz uşaqlarımızın uşaq oyunlarından kənar düşməsindən.  Mənzərələr görmək üçün qonaq olacaqsız əkin-biçin sahələrimizə, bağlarımıza. Qulaq asacaqsız torpağın bağrına sığal çəkərək onu əzizləyən insanların söhbətinə, bir çiçəkdən o birinə uçuşan arıların zəhmət nəğməsinə.  

    Üz tutun bir-birindən bənzərsiz mənzərələri ilə könülləri riqqətə gətirən, şairlərin, yazıçıların ilham mənbəyinə çevrilən, sinəsini lalələr, süsənlər, nərgizlər bəzəyən  Xalxal, Payız, Tillək, Xəlil, Cəlil meşələrinə, qalxın mərcan gözlü Batabat yaylağına, salamlayın turizmin gözü sayılan Ağbulağı, qulaq asın Saranı aparan Arpaçayın zümzüməsinə. Hər bir təbiət guşəsi fərqli aurada, özünəxas naxışları, qonaqpərvərlik üsulu ilə qarşılayaraq mehman edəcək sizi öz isti qoynunda. Ovqatınıza şuxluq gətirən sərin meh, ağac yarpaqlarında bərq vuran Günəş şüaları, quşların cəh-cəhi ruhunuzu oxşayacaq və bu gözəlliklərdən əsla doymayacaqsınız.  Əgər yaradıcı insansınızsa, mütləq ya yeni şeirin, rəsm əsərinin, musiqinin, ya da essenin, düşüncə yazılarının yaranmasına vəsilə olacaq bu doyumsuz mənzərələr. Yaxınlıqda qaynayan bulağın gözyaşı kimi dumduru suyundan götürüb açacaqsınız gözəl Naxçıvan nemətləri ilə bəzənən süfrəni. Ruhunuzu öz kəraməti ilə şuxlandıran təbiət qeyri-iradi sıralayacaq yaddaşınızda Xalq şairi Məmməd Arazın misralarını:

    Sinəmdə o yerin dağ havasıdır,
    Qaynar bulaqları qaynar qanımda.
    Mənim ürəyimin bir parçasıdır
    Doğma Şahbuzum da,  Naxçıvanım da.

    Bol bəhrəli Şərur, Babək ellərindən, dağlarında min bir nemət bitirən Şahbuzdan, qocaman çinarlar məkanı Ordubaddan, inkişaf salnaməsi ilə düşmənə gözdağı olan Sədərəkdən, gözəllik işığı kimi parlayan Kəngərlidən, Culfadan sonra bayramlar, festivallar şəhəri Naxçıvanı da gəzin mütləq. Mədəni-kütləvi tədbirlərin sevimli ünvanına, rəssamların, incəsənət adamlarının, yaradıcı şəxslərin ilham ocağına çevrilən, yaşıl xalıya bürünən Əcəmi seyrəngahından daha çox duyacaqsınız təbiətin səsini. Salın yolunuzu hər yaş dövründən olan insanları köksünə mehman eyləyən xüsusi landşaft dizaynına malik, əsrlərin sərt sınaqlarına sinə gərən, köksündə illərin həsrətini, hicranını, sevincini, kədərini gizlədən qocaman çinar ağaclarının çətir tutduğu park və xiyabanlara. Ahıl çağındasınızsa, həmyaşıdlarınızla rahat oturacaqlarda əyləşib olanlardan-keçənlərdən, həyatlarınızın ayrı-ayrı dönəmlərində baş verən hadisələrdən söhbət açın, gəncsinizsə, doyunca gəzin füsunkar təbiət ərməğanlarının qoynunda, dəyərini bilin bir daha ələ düşməyəcək belə mənalı günlərin, xatirələşdirin hər anınızı, şəkillər çəkdirin gözəl günlərinizdən yadigar qalsın deyə. Burada da, heç şübhəsiz, qaçılmazdır nostalji hisslərin qoynuna düşməyiniz, keçmişdə yaşananlar yenə pərvaz edəcək düşüncənizdə ağacların əhatəsində qaçdı-tutdu oynayan şən-şaqraq gülüşlü, məsum duyğulu uşaqların şıltaqlığı ilə. Bu mənzərələri gördükcə insan övladının təbiətə, yaşıllıqlara sıx bağlılığının bir daha şahidi olub haqq qazandıracaqsınız mütəxəssislərin, psixoloqların yaşıl rəngin insana sakitləşdirici təsir göstərdiyi, gözlərə müsbət enerji bəxş etdiyi, ətraf mühitin yaşamaq-yaratmaq ruhu aşıladığı, təbiət sağlamlığın rəhnidir fikirlərinə. Beləcə, sağlamlığınızın keşiyində duran ana təbiəti qoruyanlara, yaşadanlara daha da çoxalacaq rəğbətiniz, artacaq yaşıllıqlara cidd-cəhdlə qulluq göstərən insanlara minnətdarlıq hissiniz, dərindən dərk edəcəksiniz bu xeyirxah missiyanı yerinə yetirmək üçün mənəvi məsuliyyətinizi... 
    Oğuz yurdunun köksündə xalı kimi toxunan insan zəhməti ilə təbiətin harmoniyasından yaranan bahar təravətli, zəhmət ətirli, zövq­oxşayan bu sənət əsərini seyr etdikdə Xalq şairi Bəxtiyar Vahabzadənin “Dərin qatlara işıq” adlı kitabındakı ana təbiətin mühafizəsi ilə bağlı böyük ictimai məzmun kəsb edən fikirlərinin həqiqətinə bir daha varacaqsınız: “Həyatda hər cür çatışmazlıq nizamın, tarazlığın pozulmasından doğur. İstər təbiət, istərsə də cəmiyyətdəki bütün nizamlılıq və mütənasib inkişaf adamların fəal həyat mövqeyindən asılıdır. Xalq demişkən qayda-qanun olan yerdə xeyir-bərəkət üzülməz. Bərəkətin tükənməsi halı insanların yalnız və yalnız ətraf mühitə laqeydliyindən, torpağa, suya, bir sözlə, flora və faunaya xor baxmasından irəli gəlir. Təbiəti müqəddəs bilmək, onu ana hesab etmək əsrlərboyu insanları zaman-zaman düşündürmüşdür. Bu hissə ehkam kimi yanaşmaq olmaz”. Elə bu düşüncələrlə qəlbinizdə bahar təravətli, zəhmət ətirli, zövqoxşayan sənət əsərinin müəlliflərini, sizə bu mənəvi zövqü nəsib edənləri alqışlayıb, dilə gətirəcəksiniz ən pak, ülvi istəklərinizi: yurdumuzun köksündə parlayan bu sənət əsərinin çalarlarının hər ötən il daha zəngin, elimizin-obamızın bar-bərəkətinin bol, əmin-amanlığın, firavanlığın, nizamın daim belə bərqərar olması, ömrümüzün bahar rayihəsinə bürünməsi, arzularımızın, ümidlərimizin həmişəbahar gülü kimi ətir saçması diləyi ilə...

Nail ƏSGƏROV

Nəşr edilib : 03.06.2022 19:45