AZ EN RU

Babək qeyrətli şəhid

     Otuz ilə yaxın davam etmiş erməni işğalına son qoymaq üçün 27 sentyabr 2020-ci ildə hərb tariximizə ən şanlı səhifə kimi daxil olan Vətən müharibəsi başladı. 44 gün sürən müharibədə qazandığımız möhtəşəm Qələbə ölkə­mizin gücünü bütün dünyaya nümayiş etdirdi. 
    Bu qürurverici Qələbəni isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin düzgün strategiyası, güclü iradəsi, hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, milli ruhu, texniki təchizat və sarsılmaz xalq-iqtidar birliyi şərtləndirdi. Nəticə etibarilə, müstəqil Azərbaycan dövləti Şanlı Qələbə qazanmaqla həm pozulmuş olan tarixi ədaləti, həm də öz ərazi bütövlüyünü bərpa etdi.
    Bu gün şəhid kimi bütün xalqımızın qəlbində yaşayan Babək Əliyev də əks-hücum əmri verilən andan düşmənlə mübarizəyə qatılaraq döyüş meydanında əsl qəhrəmanlıq göstərib. Öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələn gənc leytenant komandanlıq tərəfindən ona verilən əmr və tapşırıqları vaxtında yerinə yetirməklə, seçilmiş bir hərbçi olduğunu sübut edib. 
    Babək 1997-ci il oktyabr ayının 1-də Culfa rayonunun Ləkətağ kəndində anadan olmuşdu. O, 2016-cı ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyi yüksək qiymətlərlə bitirərək həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. Ali Hərbi məktəbdə oxuduğu illərdə hərb sənətinə daha dərindən yiyələnən Babək  nümunəvi kursant kimi “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə də təltif olunur. 2020-ci ildə Ali Hərbi Məktəbi başa vuran Babək leytenant rütbəsi alaraq Qazax rayonunda yerləşən “N” hərbi hissədə xidmətə başlayır.
    2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində gənc leytenant Babək Əliyev də düşmənə qarşı əks-hücum əməliyyatlarında yaxından iştirak edir və torpaqlarımızın işğaldan azad edilməsində misilsiz qəhrəmanlıqlar göstərirdi. Kəlbəcər istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərən Babək var gücü ilə döyüşür, tabeliyində olan əsgərləri ilə birlikdə mənfur düşmənin onlarla canlı qüvvəsini və texnikalarını məhv edirdi. 
    Vətən müharibəsindən sonra 2022-ci ilin avqust ayının əvvəllərində Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” əməliyyatında iştirak edərək bir sıra əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürülməsində şücaət göstərir. Qeyd edək ki, “Qisas” əməliyyatı çərçivəsində qeyri-qanuni erməni silahlılarının bir neçə döyüş mövqeyi dağıdılmış, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilmiş, həmçinin bir neçə hərbi nəqliyyat vasitəsi və çoxlu sayda döyüş sursatları sıradan çıxarılmışdır. 
       “Qisas” əməliyyatından sonra bölmələrimiz tərəfindən nəzarətə götürülmüş ərazilərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işlərinə başlanılır. 5 avqust 2022-ci ildə Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində qəhrəmanımız Babək Əliyev şəhidlik zirvəsinə ucalır.
    Avqustun 6-da Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi keçirildi. İzdihamla qarşılanan şəhidimizin cənazəsi “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə doğulduğu Culfa rayonunun Ləkətağ kəndində son mənzilə yola salındı.
    Bizə qələbə şərbəti içirən, bununla da xalqımızı 30 illik möhnətdən, başıaşağı gəzməkdən xilas edən Vətən oğullarının sırasına şəhid leytenant Babək Əliyevin də adı yazıldı. 
    Babək Əliyev şəhadətindən iki gün əvvəl “Qisas” əməliyyatı zamanı növbəti dəfə düşmən üzərində qazanılan şanlı zəfərlə şəhidlərimizin qisasının alınmasının sevincini valideynləri ilə bölüşmüşdü. Şəhidimizin atası Əsgər Əliyev o anları belə xatırlayır: Babəklə telefonda danışanda dedi ki, ata, şəhidlərimizin qanı yerdə qalmayıb, onların qisasını, intiqamını döyüş meydanında bir daha aldıq, düşməni məhv etdik. Babək çox şeyi deməzdi. Ancaq bu dəfə elə sevincli idi ki, hisslərini bölüşürdü. Danışığımız uzun çəkmədi. Eşidirdim ki, onu çağırırlar. Sağollaşdıq. Sonrası gün televiziyadan eşitdik ki, ordumuz “Qisas” əməliyyatı keçirib. İnanırsız, o anda Babəkimlə qürur duydum. Bu gün də qürur duyuram. O, üç bacının bir qardaşı, mənim tək oğlum idi. Ancaq o bu gün bütün Azərbaycan xalqının övladıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
    Bəli, əziz şəhid atası, Vətənimiz uğrunda canından keçən igidlər bizim canımızdan bir parçadır. Onların hər biri bütöv Azərbaycanın övladıdır. Şəhid ailəsi olmaq böyük şərəfdir. Şəhidlər heç bir zaman ölməyəcək. Onlara böyük ehtiram göstərilir, ruhları önündə daim baş əyilir.
    Babək kimi qəhrəman övladların igidliyi nəticəsində bu gün Vətən müharibəsi haqqında qürurla, fəxrlə danışırıq. Şəhidimizin atasının da dediyi kimi, şəhidlik məqamına ucalan ölməz oğullarımız dünya var olduqca sevgi ilə xatırlanacaq, yad ediləcək, müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayacaq. 

Alim AĞAYEV
“Arazın səsi” qəzetinin redaktoru

Nəşr edilib : 08.09.2022 21:01