AZ EN RU

Azərbaycanın çimərlik güləşi tarixində naxçıvanlı imzası

    Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə 17 yaşadək  olan idmançıların dünya çempionatı keçirilib. 
    Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında iştirak edən milli komandamızın güləşçiləri tarixi nəticəyə imza atıblar. Təmsilçilərimiz Hüseyn Sevdimov (50 kiloqram) Ziya Göyüşov (60 kiloqram) Vüsal Əliyev (70 kiloqram) Anar Cəfərli (80 kiloqram) final görüşlərini də qələbə ilə bitirərək dünya çempionu olublar. Bu nəticələr sayəsində komanda hesabında Moldova və Fransanı geridə qoyaraq birinci olan Azərbaycan millisi əsas mükafatla – kubokla təltif olunub. 
    Ölkəmizə 70 kiloqram çəki dərəcəsində qızıl medal qazandıran idmançı Vüsal Əliyev Naxçıvan Güləş Federasiyasının yetirməsidir. Vüsal ilk 3 raundda Yunanıstan, Rumıniya və Moldova güləşçiləri ilə  mübarizədən qalib ayrılaraq yarımfinala adlayıb. Finala vəsiqə uğrunda bolqarıstanlı Kaloyan Atanasovu məğlub edən idmançımız həlledici görüşdə yunan İlias Rafail Karnavasla üz-üzə gəlib. İdmançımız ilk görüşündə məğlub etdiyi rəqibini növbəti dəfə məyus edərək qızıl medala sahib olub. 
    Məlumat üçün bildirək ki, bu ilin iyul ayında Yunanıstanda keçirilən çimərlik güləşi üzrə Avropa çempionatında Vüsal Əliyev qızıl, qardaşı Hüseyn isə gümüş medala layiq görülüblər. Hər ikisi 2013-2017-ci illərdə Naxçıvan Güləş Federasiyasının Şərur rayon bölməsində məşqçi-müəllimlər Barı Əliyev və mərhum Ayaz Bağırovun rəhbərliyi ilə keçirilən məşqlərdə iştirak ediblər. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 02.09.2022 19:26