AZ EN RU

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı ilbəil möhkəmlənir

    2022-ci il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü tamam olur. 
    Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurtuluş savaşı aparan türk ordusu ölkəni işğal etmiş düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci ilin avqustunda böyük zəfər qazandı. Bu zəfər türk xalqının 1919-cu ildə başladığı istiqlal mücadiləsinin zirvəsi oldu və 1923-cü il oktyabrın 29-da müstəqil Türkiyə Respublikası yaradıldı.

    Tarixboyu böyük güclərin yaratdıqları çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçsə də, ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün güclü siyasi iradəsi, qətiyyəti, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşatmış, bu gün də yaşadır. Ulu öndər Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan xalqlarının tarixi birliyi və sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimizdə bir-birimizə inam və etibarımız, qarşılıqlı dəstəyimiz böyük məmnunluq doğurur”. 
    Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə – 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmışdır. Bu səfərin nəticələri uğurlu olmuş, 1992-ci ilin 28 mayında Sədərək-Dilucu körpüsü istifadəyə verilmiş, dahi şəxsiyyət ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə sürətlə inkişaf etmişdir. 
    Bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır, bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstək Azərbaycanın haqq işinin qazanılmasında böyük rol oynadı. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbə qardaş ölkələrin həm də hərbi-siyasi əməkdaşlığına, iqtisadi əlaqələrinə və diplomatik gücünə, Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsinə töhfə verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb... hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir... Biz hər zaman olduğu kimi, bir yerdəyik və bir yerdə olacağıq”.
    Qarşılıqlı əməkdaşlığın ən yüksək göstəricisinin nəticəsidir ki, 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentləri 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzaladılar. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə davamlı inkişafını təmin edəcəkdir. Eyni zamanda Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Bununla yanaşı, tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri də Bəyannamədə qeyd olunmuşdur. Sənəddə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin açılması və bunun davamı kimi, Naxçıvan-Qars dəmir yolunun tikintisi nəqliyyat-kommunikasiyalarının intensivləşməsinə töhfə kimi dəyərləndirilmişdir.
    2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi mərasimində Türkiyə Prezidentinin iştirakı dostluq və qardaşlıq əlaqələrinin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi.
    Bu gün ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında iqtisadi-ticarət, təhsil, səhiyyə, turizm, mədəniyyət, ordu quruculuğu və nəqliyyat sahələrində əlaqələr uğurla inkişaf etdirilir. 
    Azərbaycan-Türkiyə əlaqələri davamlıdır. İkitərəfli münasibətlərimiz bundan sonra da uğurla inkişaf edəcəkdir. 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 29.10.2022 00:55