AZ EN RU

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin yeni qaynar xətti istifadəyə verilmişdir

    Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən daxil olan müraciətlərin çoxluğu nəzərə alınaraq vətəndaşların şikayətlərinin operativ şəkildə həll olunması məqsədilə qaynar xətt istifadəyə verilmişdir. Qeyd edək ki, vətəndaşların bank məhsul və xidmətləri ilə bağlı qarşılaşdıqları bir sıra problemləri həll etmək, eləcə də onlara problemlərin həlli istiqamətində dəstək göstərmək məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi mövcud xidmətlərini daha da təkmilləşdirmiş və yeni xidmətlər təqdim etmişdir. Yenicə istifadəyə verilmiş “2244” qaynar xətt xidmətinə bank sahəsində dəstəyə ehtiyacı olan bank müştəriləri, eləcə də bütün vətəndaşlar müraciət edə bilərlər. 
    Digər tərəfdən bank sahəsində baş verən şikayətlərin yazılı və görüntülü şəkildə “WhatsApp” qaynar xəttinə ((060) 400-22-44) göndərilməsi üçün xidmət də aktiv edilmişdir. 
     İlkin mərhələdə yaradılmış xidmətlərin daha geniş kütləyə çatdırılması və bununla da istehlakçıların hüquqlarının qorunması istiqamətində işlər davam etdiriləcəkdir.
    Daxil olan bütün müraciətlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə hərtərəfli, tam və obyektiv araşdırılacaq və həlli istiqamətində operativ işlər görüləcəkdir.
    “Qaynar xətt” xidməti həftənin hər günü  7/24 saat fəaliyyət göstərəcəkdir. Onun tətbiqində əsas prioritet vətəndaşların bank məhsul və xidmətlərinə əlçatanlığının təmin olunması ilə müştəri məmnuniyyətinin artırılması olacaqdır.

Xəbərlər şöbəsi

Nəşr edilib : 05.07.2022 20:34