AZ EN RU

Azərbaycan Birinci Divizionunda 7-ci turun oyunları keçirilib

    Turnir cədvəlinin vahid lideri “Araz-Naxçıvan” bu tur doğma arenada Tovuzun “Turan Tovuz-2” komandasını qəbul edib. Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən görüşü  Əli Əliyev, Asif Abdullayev, Elmin Süleymanov və İslam Məmmədovdan ibarət hakimlər briqadası idarə edib.
    Oyun komandamız üçün yaxşı başlayıb. İlk dəqiqələrdən rəqib qapısı ağzında lövbər salan Azər Bağırovun yetirmələri 8-ci dəqiqədə tablodakı sıfırları dəyişməyə müvəffəq olublar. Belə ki, cərimə meydançasına edilən asmanı Nəbi Məmmədov qapıya yönəldib. Rəqib futbolçu Faiq Hacıyevə dəyən top qapıdan keçib – 1:0. Qoldan hücumlarının kəsərini artıran “Araz-Naxçıvan” Bayraməli Qurbanovun “ifa”sında hesab arasındakı fərqi artırmağa yaxın olsa da, onun zərbəsi qapıdan aralı keçib. İlk hissənin başa çatmasına 5 dəqiqə qalmış Tovuz təmsilçisi hesaba tarazlıq gətirib. Rəqib komandanın heyətində Sadiq Şəfiyev fərqlənib – 1:1. Birinci hissə elə bu hesabla başa çatıb.
    İkinci hissədə komandamız ən real qol vəziyyətini 60-cı dəqiqədə əldə edib. Belə ki, ara ötürməsi zamanı qapıçı ilə təkbətək qalan Orxan Əliyevin zərbəsi qapı tirinə tuş gəlib. Kapitan istəyinə 76-cı dəqiqədə çatıb – 2:1. Bu, eyni zamanda oyunda vurulan sonuncu qol olub.
    7 oyundan maksimum xal toplayan “Araz-Naxçıvan” hazırda 21 xalla turnir cədvəlinə başçılıq edir.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 12.10.2022 18:56