AZ EN RU

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

    Hər gün yüngül və ağır olmaqla onlarla avtomobil qəzası baş verir. Bu səbəbdən də avtomobillərin sığortalanması zərurəti yaranır ki, bununla bağlı 2011-ci ilin dekabrından ölkədə icbari sığortalar haqqında qanunun tətbiqinə başlanılıb. Qanuna əsasən hər bir avtonəqliyyat vasitəsi icbari qaydada sığortalanmalıdır. Tariflər isə birillik sığortaya görə avtonəqliyyat vasitəsinin növünə, mühərrikinin həcminə və sahibinin fiziki və ya hüquqi şəxs olmasına uyğun olaraq dəyişir. Oktyabrın 1-dən qüvvəyə minəcək yeni qaydaya görə isə sadalananlarla yanaşı, sürücünün yaşı, sürücülük təcrübəsi, bonus-malus güzəştlər sistemi, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayı, nəqliyyat vasitəsinin idarə edildiyi bölgənin yol-nəqliyyat intensivliyi və həmçinin nəqliyyat vasitəsinin istismar müddəti də nəzərə alınacaq. Qeyd edək ki, avtomobillərin icbari sığortasının hesablanması üzrə baza məbləği 50 manat təşkil edir.

    Bu məqalədə məhz sözügedən sığorta növü haqqında oxucuları ən çox maraqlandıran sualları cavablandırmağa çalışacağıq. Əvvəlcə baxaq ki, ümumiyyətlə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası nə üçün lazımdır? İcbari nəqliyyat sığortası avtomobil qəzalarında yaranacaq mübahisələrin həllinə və dəymiş zərərin kompensasiya edilməsinə yardım edir.
    Bəs bu sığorta növündə hansı hallarda ödəniş həyata keçirilir? İcbari sığorta haqqında qanuna əsasən mülki məsuliyyətini icbari qaydada sığortalamış avtonəqliyyat vasitəsi sahiblərinin təqsiri ucbatından törədilən hadisələr zamanı iki növ zərərə görə ödəniş həyata keçirilməsi nəzərdə tutulur. Bu ödənişlər sağlamlığa və əmlaka vurulmuş zərərə görə təyin olunur. Sağlamlığa dəymiş zərər dedikdə yüngül, az ağır və ağır xəsarətlər, sağlamlıq imkanları məhdudluğu müəyyənlik dərəcəsinin təyin edilməsi və ölüm halları və digər məsələlər nəzərdə tutulur.
    Sadalanan hallarda ödəniş məbləği nə qədər olmalıdır? Qanunvericiliyə əsasən bir sığorta hadisəsi zamanı, ümumilikdə, 50 000 manatdan çox olmamaq şərti ilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərərə görə ödənişin məbləği maksimum 5000 manat təşkil edir və bu məbləğ yalnız ölüm halında tam ödənilir. Digər hallarda isə sağlamlığa yüngül zərər vurulduqda 750 manat, az ağır və ya ağır xəsarət yetirilərsə, 1500 manat ödəniş edilir. Baş vermiş hadisə zamanı şəxsə aldığı xəsarətdən sağlamlıq imkanları məhdudluğu müəyyənlik dərəcəsi təyin edilərsə, bu zaman təyin edilmiş I, II, III qrup sağlamlıq imkanları məhdudluğu müəyyənlik dərəcəsinə müvafiq olaraq, 4000, 3000 və 2000 manat məbləğində ödəniş həyata keçirilir. Sığorta hadisəsi zamanı əmlaka vurulan zərərə görə də eynilə maksimum 5000 manat məbləğində ödəniş edilir. Zərər məbləği göstərilən rəqəmdən yüksək olduğu halda zərərin 5000 manatı şəxsə sığorta şirkəti tərəfindən ödənilir, qalan məbləğ isə zərərvuran şəxsdən tələb edilə bilər.
    Növbəti suallardan biri də avtomobilin icbari sığortası olmadan idarə edildiyinə görə nəzərdə tutulan cərimələrdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən icbari qaydada sığortalanması müəyyən edilmiş fiziki və ya hüquqi şəxslərin icbari sığorta müqaviləsi bağlamamasına görə – fiziki şəxslər 10 manat miqdarında, vəzifəli şəxslər 60 manatdan 80 manatadək miqdarda, hüquqi şəxslər 150 manatdan 200 manatadək miqdarda cərimə edilir.
    Bəs sığorta hadisəsi baş verdikdə nə etmək lazımdır? Sığorta hadisəsinin baş verməsi barədə sığortaolunan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və eyni zamanda həmin hadisə barədə Dövlət Yol Polisinə hər hansı vasitə ilə xəbər verməlidir. Qeyd edək ki, noyabrın 1-dən tətbiq ediləcək qaydalara əsasən icbari qaydada sığortalanan nəqliyyat vasitəsinə dəyən ziyanı artıq qarşı tərəfin sığorta şirkəti deyil, sığortalandığı şirkət qarşılayacaq. Başqa sözlə desək, avtomobilə dəyən ziyan avtomobil sahibinin öz sığorta şirkəti tərəfindən kompensasiya ediləcək.
    Avtonəqliyyat vasitəsi sığortalarında tətbiq edilən bonus-malus mexanizmi nədir və işimizə necə yarayır? Əvvəlki sığorta müqaviləsi üzrə sığorta predmetinə (sığortaolunana) münasibətdə sığorta riskləri ilə bağlı heç bir hadisə baş vermədiyi halda növbəti sığorta müqaviləsi üzrə sığorta haqlarının azaldılması, sığorta riskləri ilə bağlı hadisələrin baş verdiyi halda isə sığorta haqlarının artırılması üçün baza tarif dərəcələrinə tətbiq edilən bir növ güzəşt-əlavələr sistemidir.
    Sığorta şirkəti sığorta ödənişindən nə zaman imtina edə bilər? Sığorta hadisəsinin baş verməsi barədə sığortalının sığortaçıya xəbər verməməsi nəticəsində sığorta hadisəsinin araşdırıla bilməməsi, sığortalının, sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, hadisənin baş verməsinin hərbi əməliyyatlar nəticəsi olması, sığorta müqaviləsinə daxil olmayan digər səbəblər və sair hallarda şirkət ödənişdən imtina etmək hüququna malikdir.
    Bəs vətəndaş sığorta şirkətinin verdiyi qərarla razılaşmırsa, hansı addımı atmalıdır və ya ümumiyyətlə, sığorta şirkəti ilə bağlı ziddiyyətlər yaranarsa, hara müraciət etməlidir? Lazımi sənədlər sığortaçıya təqdim edildiyi tarixdən 7 iş günü müddətində sığortaçı sığorta ödənişini verməli və ya ödəniş olmayacaqsa, şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Qeyd olunan halda həmin bildiriş ilə nəzarət edən quruma yazılı şəkildə müraciət etmək lazımdır. Muxtar respublikada sığorta bazarlarına nəzarət edən qurum Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsidir. 

Aytac AXUNDOVA
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar 
Respublikası İdarəsinin əməkdaşı

Nəşr edilib : 22.08.2022 18:48