AZ EN RU

Avstriya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ticarət müşaviri Georg Karabazcek: “Naxçıvanın mühiti, təbiəti, habelə turizm potensialı zəngindir”

    Avstriya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ticarət müşaviri Georg Karabazcek və Avstriya İqtisadiyyat Palatasının Bakıdakı nümayəndəliyinin rəhbəri Sabir Məmmədov Naxçıvan Muxtar Respublikasına işgüzar səfər ediblər.
    Səfər çərçivəsində qonaqlar əvvəlcə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşüb, Naxçıvan Biznez Mərkəzi ilə yaxından tanış olublar. Məlumat verilib ki, ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı və təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılmış, əhalinin, eləcə də təsərrüfat sahiblərinin, sahibkarların bu sahədə işlərinin uğurlu nəticələnməsi üçün bir sıra ardıcıl tədbirlər görülmüşdür. Bunun nəticəsidir ki, muxtar diyarımızda yeni biznes əlaqələrinin qurulması, işgüzar görüşlərin keçirilməsi, sahibkarların maarifləndirilməsi, muxtar respublikada istehsal edilən məhsulların nümayiş etdirilməsi baxımından yaradılan Biznes Mərkəzi bu istiqamətdə xüsusi olaraq seçilir. Mərkəzin əsas missiyası sahibkarlara xidmət, biznesin inkişafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili və biznes planlarının hazırlanmasında metodik dəstək göstərməkdir. 

    Birinci günün sonunda qonaqlar Naxçıvan Avtomobil Zavodu ilə də yaxından tanış olublar. Burada onlara zavodun iş prinsipi, fəaliyyət istiqamətləri istehsal potensialı və keyfiyyəti barədə ətraflı məlumat verilib. 
    Səfərin ikinci günü qonaqlar Ağbulaq İstirahət Mərkəzi ilə tanış olublar, ardınca “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə səfər ediblər. Burada qonaqlara bildirilib ki, Naxçıvan şəhəri ərazisində inşa olunmuş türk-islam mədəniyyəti abidələrinə mülki tikintilər, o cümlədən saraylar da daxildir. Belə saraylardan biri də XVIII əsrin memarlıq nümunəsi olan, Naxçıvan xanlarının yaşayış yeri sayılan Xan sarayıdır. İki mərtəbədən ibarət olan saray iki ayrı-ayrı hissələrdən ibarət olmuşdur. Sarayın bərpası isə 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq Sərəncamı ilə təsdiqlənmiş və ilkin görünüşü qorunmaqla təmir edilmişdir. 
    Günün sonunda qonaqlar “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksi, Duzdağ Fizioterapiya Mərkəzi ilə də yaxından tanış olublar.  Dini turizm baxımından mühüm əhəmiyyət kəsb edən kompleks haqqında məlumat böyük maraq doğurub. Qeyd olunub ki, ziyarətgahın adı ərəb dilindən tərcümədə “mağara sahibləri” mənasını verir. Müqəddəs “Qurani-Kərim”də “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatmalarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir.
    Səfər çərçivəsində Avstriya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ticarət müşaviri Georg Karabazcek “Şərq qapısı” qəzetinə müsahibə verib:
    – Bildirmək istərdim ki, Azərbaycan Respublikasının çoxtərəfli əməkdaşlıq etdiyi dövlətlərdən biri də Avstriya Respublikasıdır. Tarixə istinad edərək desək, Azərbaycan-Avstriya münasibətlərinin başlanması uzun illər öncəyə gedib çıxır. Bu gün də həmin münasibətlər, ikitərəfli əməkdaşlıqlar qorunub saxlanmışdır. Qeyd edim ki, biz ildə bir neçə dəfə olmaqla Avstriya şirkətlərinin nümayəndələrini Azərbaycana dəvət edirik. Mən Naxçıvana bir neçə il öncədən səfər etmək istəmişdim. Lakin mövcud pandemiya səbəbi ilə səfərim yarımçıq qalmışdı. Budəfəki səfərimdən çox razıyam. Bununla belə, biz növbəti biznes-formumuza Naxçıvandan olan sahibkarları da dəvət edəcəyik. Naxçıvanın mühiti, təbiəti, habelə turizm potensialı olduqca zəngindir. Tanış olduğumuz Ağbulaq İstirahət Mərkəzi də çoxsaylı turizm ünvanlarındandır. Burada hər şey çox yaxşıdır. İnanıram ki, Naxçıvana bir daha səfər edəcəyəm. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 06.04.2022 18:50