AZ EN RU

Avstraliyalı turist Mark Taylor: “Naxçıvandakı qonaqpərvərlikdən çox razıyam”

    May ayının gəlişi və gözəl yaz günlərinin başlanması ilə Naxçıvana səyahət edən turistlərin də sayı birə-beş artıb. Dünyada son iki ildən artıq bir müddətdə davam etmiş  səyahət məhdudiyyətlərinin sona çatması, həftəsonu tətillərinin və  bayram günlərinin də bolluğu səbəbindən bu günlərdə ölkəmizin digər bölgələrindən və eləcə də dünyanın hər yerindən  gələn turistləri Naxçıvanda görmək mümkündür. Ötən həftə dünyanın o başından, Avstraliyadan gəlmiş turist Mark Taylorun çıxdığı dünya turunun növbəti destinasiyası olan Naxçıvana marağı da  səfərdən aldığı təəssüratlar kimi zəngin olub. 

    Mark Taylor dünyanın bir çox ölkə­sini gəzib. Dediyinə görə, 70 yaşlı bu peşəkar turist komfortlu hotellərdə qalmağa, milli yeməklər dadmağa, rahat nəqliyyat və yaxşı ekskursiya servislərinə pul xərcləməyə hazırdır. Ölkəmizin paytaxtı və digər regionlarla tanışlıqdan sonra Türkiyəyə məhz Naxçıvandan keçib getmək üçün bu marşrutu seçməsində də bu motivlər əsas olub. Naxçıvandakı komfortlu Saat Meydanı hotelində gecələyən avstraliyalı turist Naxçıvanın görməli yerlərindən Duzdağı, qədim Ordubad şəhərini, Naxçıvan şəhərindəki muzeyləri və abidələri çox bəyənib. Azərbaycanın Maçu-Piçusu-Əlincəqala isə onun təsəvvürlərini tamamilə dəyişib. Səyyah deyir ki, indiyə qədər Peruda olmasa da,  Əlincəqalanın bənzərini görmək üçün hökmən oraya da səfər edəcək.  
    Avstraliya dünyanın əksər yerlərindən uzaqda olsa da, Mark Taylor ölkəmiz haqqında əvvəlcədən məlumatı olduğunu diqqətimizə çatdırır. Səfər zamanı onun Naxçıvan mətbəxinə olan marağı, Ordubada səfər zamanı yolüstü rast gəldiyi landşaft quruluşunun onun yaşadığı Şimali-Qərbi Avstraliya bölgəsində də olması  qonağımızı çox təəccübləndirdi. Haqlı olaraq, turist dili ilə desək, yaşadığımız dünyanın çox kiçik olduğunu bir daha vurğulayan əcnəbi qonaq Azərbaycana, onun bu dilbər guşəsinə çatmaq üçün bir neçə hava yolu dəyişərək 24 saatdan artıq uçuş keçirməyə dəydiyini məmnunluqla söylədi. Xalqımızın qonaqpərvərliyindən  də çox razı qaldığını bildirən turist ölkəmizin inkişafından, tarixi-mədəni zənginliklərdən dərin təəssürat aldığını, bu təəssüratları ölkəsində paylaşacağını dedi. 

Əli CABBAROV

Nəşr edilib : 12.05.2022 19:37