AZ EN RU

Atletika Federasiyasının idmançıları mükafatlandırılıb

    Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının məşqçi və idmançıları ölkə və beynəlxalq turnirlərdə qazandıqları uğurlara görə mükafatlandırılıblar. 
    Keçirilən tədbirdə məşqçi və idmançıları təbrik edən Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, 6 ay ərzində idmançılarımız iştirak etdikləri ölkədaxili və beynəlxalq turnirlərdə 16 medal qazanıblar. Qazanılan uğurlu nəticələr muxtar respublikamızda yaradılan müasir idman şəraitinin bəhrəsidir. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idmana göstərdiyi diqqət və qayğı sayəsində idmançılarımız daim uğurlu nəticələrə əldə nail olur, Naxçıvan idmanını layiqincə təmsil edirlər. Hazırda idmanın inkişafı üçün muxtar respublikanın şəhər və rayonlarında müasir idman infrastrukturu yaradılıb. Həmçinin “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” qəbul olunub. Məktəblərdə 205 idman klubu yaradılıb ki, bu klubların məqsədi uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin olunmasına, istedadlı idmançıların üzə çıxarılmasına xidmət etməkdir.
    Federasiya sədri diqqətə çatdırıb ki, 6 ay ərzində federasiyanın  idmançıları  ölkəsəviyyəli yarışlarda  9-u qızıl, 3-ü gümüş, 4-ü isə bürünc olmaqla, 16 medal qazanıb. Bunlardan 8-i iyun ayında əldə edilib. Bu, federasiya tarixində ən uğurlu nəticədir. Əldə edilən nailiyyətlərə görə məşqçilərə təşəkkür edən Rəhman Məmmədov deyib ki, qazanılan bu uğurlarla kifayətlənmək olmaz. İndi qarşıda keçiriləcək yarışlara, turnirlərə ciddi hazırlaşıb uğur qazanmaq və beynəlxalq turnirlərdə nəticələr əldə etmək lazımdır.    
    Sonra Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov çıxış edib, məşqçi və idmançıların fikir və təklifləri dinlənilib.
    Ardınca cari ilin ilk 6 ayında uğur qazanan məşqçi və idmançılar – idmançılardan Aysu Babayeva, Əmrah Nağıyev, Həsən Babayev, Zeynəb Babayeva, Zülfiyyə Süleymanova və Səkinə Əliyeva, məşqçilərdən isə Şəfi Hüseynov, Abbas Bağırov və Samil Hüseynov təltif olunublar. Federasiya sədri Rəhman Məmmədov tərəfindən onlara təşəkkürnamə və pul mükafatları təqdim edilib.
    Sonda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədri Rəhman Məmmədov yaradılan şəraitə görə federasiyanın məşqçiləri və idmançıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 05.07.2022 18:50