AZ EN RU

Armrestlinq (qol güləşi) üzrə muxtar respublika birinciliyi keçirilib

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan birinciliyə 17 paralimpiyaçı qatılıb. Olimpiya sistemi üzrə qaliblərin bəlli olduğu yarışda iştirakçılar 75-, 75+ kiloqram çəki dərəcələrində mübarizə aparıblar. 
    Mükafatlandırma mərasimində çıxış edən gənclər və idman naziri Ramil Hacı və federasiya sədri Nicat Babayev qalibləri təbrik edib, iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi, asudə vaxtlarının səmərəli təşkili, o cümlədən onların reabilitasiyası istiqamətində müvafiq addımlar atılır, bu kateqoriyadan olan şəxslərə davamlı olaraq dövlət dəstəyi göstərilir. Yarışa Vətən müharibəsi iştirakçılarının qatılması sevindirici hal kimi qiymətləndirilib. Sağlamlıq imkanları məhdud şəxslərə və idmanın inkişafına göstərdiyi dəstəyə görə Ali Məclis Sədrinə minnətdarlıq ifadə olunub.
    Çıxışların ardınca yarışı uğurla tamamlayan iştirakçılara diplom və hədiyyələr təqdim edilib, həmçinin həvəsləndirici yer sahibləri də mükafatlandırılıb. 
    Nəticələrə gəlincə, 75 kiloqramdan aşağı çəki dərəcəsində Sərdar Həsənov qalib olub. Habil Behbudov ikinci, Turan Hüseynov isə üçüncü yerə sahib çıxıb. 75 kiloqramdan yuxarı çəki dərəcəsinin final görüşü Vətən müharibəsi iştirakçıları Əli Bayramovla Nicat Süleymanov arasında reallaşıb. Əli Bayramov bu görüşdən qalib ayrılaraq birinci, Nicat Süleymanov isə ikinci olub. İlk üçlüyü İlqar Mərdanlı tamamlayıb. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.08.2022 18:40