AZ EN RU

Arıçılığın inkişafı istiqamətində tədbirlər davam etdirilir

    Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının davamlı inkişafı məqsədilə həyata keçirilən tədbirlər əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatına şərait yaradır. Aqraryönümlü bir çox sahəyə göstərilən dövlət dəstəyi məhsul istehsalının ildən-ilə artırılması, məşğulluğun təmin edilməsi və təsərrüfatçıların fəaliyyətinin stimullaşdırılmasına səbəb olur.

    Naxçıvanda qədim tarixə malik olan arıçılıq da dövlət qayğısı ilə əhatə olunan sahələrdəndir. Arıçılıq müxtəlif insanlar üçün fərqli mənalar kəsb edir. Bəziləri üçün bu, biznes və ya əlavə gəlir, bəziləri üçün isə maraqlı təcrübə, araşdırma üçün bir sahədir. Bir sözlə, arıçılıq iqtisadi cəhətdən gəlirli, qida və müalicəvi əhəmiyyəti baxımından xeyirli, eləcə də ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində ən səmərəli təsərrüfat sahəsidir. Muxtar respublikanın mövcud təbii şəraiti və tarixi ənənələri burada arıçılığın inkişafı üçün möhkəm zəmin yaradır. Həyata keçirilən tədbirlər arı ailələrinin sayının artırılması və arıçılıq təsərrüfatlarının genişləndirilməsi ilə nəticələnir. Bu tədbirlərin kompleks xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın mühüm əhəmiyyəti vardır.
    Proqramın icrası cari ilin birinci yarım ilində uğurla davam etdirilmişdir. Bu dövrdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən yeni arıçılıq təsərrüfatlarının yaradılması məqsədilə müraciət edən sahibkarlara, ümumilikdə, 152 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Bütövlükdə, muxtar respublikada dövlət maliyyə dəstəyi hesabına 1-i ana arı yetişdirmə təsərrüfatı olmaqla, 4 arıçılıq təsərrüfatının yaradılması, 3 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 4 arıçılıq təsərrüfatının yaradılması davam etdirilmişdir. Ana arı yetişdirmə təsərrüfatında 130 ana arının yetişdirilməsi və bunlardan 20-nin satışının həyata keçirilməsi yerli arı genofondunun qorunması ilə bağlı tədbirlərin davam etdirilməsindən xəbər verir.
    Arıçılığa göstərilən dövlət dəstəyinin digər mühüm təzahürü isə arıçılara saxladıqları hər arı ailəsinə görə subsidiyaların ödənilməsidir. Məhz görülən işlərin nəticəsidir ki, muxtar respublikada qeydə alınan arı ailələrinin sayı ildən-ilə artır. Bu işlərin davamı olaraq birinci yarım ildə 3799 arıçıya saxladıqları arı ailələrinə görə, ümumilikdə, 998 min 500 manat məbləğində subsidiya ödənilmişdir.
    Arıçılığın inkişafını şərtləndirən mühüm amillərdən biri də balyığma mənbələrinin mövcudluğudur. Artan arı ailələrinin tələbatına uyğun yeni yem mənbələrinin yaradılması arıçılıq təsərrüfatlarında məhsuldarlığa təsir göstərir. Dövlət proqramında bu istiqamətdə nəzərdə tutulan tapşırıqların icrası məqsədilə ilin birinci yarısında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 13 hektar ərazidə nektar və çiçək tozu ilə zəngin olan meyvə tinglərindən istifadə edilməklə yeni meyvə bağları salınmışdır. Bundan əlavə, balyığma mənbəyi hesab olunan ağac və kol bitkilərinin yayıldığı əraziləri genişləndirmək üçün dağlıq və orta dağlıq ərazilərdə 80 hektar sahədə meyvə və giləmeyvə toxumları ilə əkin aparılmışdır. Bu istiqamətdə görülən işlər arıçılığın inkişafı üçün mühüm stimullaşdırıcı əhəmiyyətə malikdir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var. Bizim balımız çox keyfiyyətlidir, xarici bazarlarda yüksək qiymətləndirilir. Biz indi həm ailə biznesi çərçivəsində arıçılığa dəstək oluruq, həm də ki, subsidiyalar verilir... Arıçılığın böyük perspektivləri var, bu, çox gəlirli sahədir”. Tarixboyu arıçılığın inkişaf etdirilməsinin əsas məqsədlərindən biri insanları qiymətli qida məhsulu sayılan balla, təbabəti arı zəhəri, arı südü, xalq təsərrüfatını mumla və sair ilə təmin etməkdən ibarət olub. Muxtar respublikada mum vərəqi istehsalının yerli imkanlar hesabına həyata keçirilməsi arıçılıq təsərrüfatlarının fəaliyyətini stimullaşdıran digər mühüm amildir. Birinci yarım ildə Şahbuz şəhərində fəaliyyət göstərən “Naxçıvan Arıçılığı” Məhdud Məsuliyyətli Cəmiyyətində 500 kiloqram mum vərəqi istehsal edilmişdir. Müəssisədə istehsal olunan məhsulun 270 kiloqramı, həmçinin ilin birinci yarısında 1200 kiloqram arı yemi arıçı sahibkarlara satılmışdır. 
    Arı xəstəliklərinin vaxtında aşkar­lanmaması, xəstəliklərə qarşı tədbirlərin görülməməsi arı ailəsinin məhv olmasına gətirib çıxarır. Bundan başqa, xəstəliklər nəticəsində zəifləmiş ailələrdə məhsuldarlıq da aşağı düşür. Ona görə də xəstəliklərə qarşı mübarizə məqsədilə aparılan analizlər yarana biləcək xəstəliklərin əhatə dairəsi genişlənmədən müalicəsinin həyata keçirilməsinə imkan verir. Birinci yarım ildə Dövlət  proqramının icrasına uyğun olaraq Amerika və Avropa çürüməsi xəstəliklərinə qarşı arıxanalardan 16 min 491 nümunə götürülərək yoxlanılmış, xəstəlik aşkar olunmamışdır. Eyni zamanda parazitar xəstəliklərdən olan varroatoz, akarapidoz, nozematoz xəstəliklərinə qarşı müayinələr aparılmış və təyinatı üzrə tədbirlər görülmüşdür. Proqramın icrası istiqamətində Kəngərli rayonunda yeni heyvandarlıq – arıçılıq əczaxanasının yaradılması isə arıçıların vaxtında keyfiyyətli dərman preparatları ilə təmin olunması məqsədilə həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyini göstərir.

    Arıçılıq təsərrüfatlarını iqtisadi zərərdən qorumağın bir yolu arı xəstəlikləri ilə mübarizədirsə, mümkün riskləri minimuma endirməyin digər mühüm vasitəsi isə arı ailələrinin sığortalanmasıdır. Dövlət proqramında bu məqsədlə nəzərdə tutulan tapşırıqların icrası ilin birinci yarısında da davam etdirilmişdir. Bu dövrdə muxtar respublikada, ümumilikdə, 204 arı ailəsinin sığortalanması aparılan maarifləndirmə işlərinin müsbət nəticəsinin əyani ifadəsidir. 
    Muxtar respublika arıçılarının beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakının təmin olunması bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsinə və müasir inkişaf istiqamətlərinin mənimsənilməsinə imkan yaradır. Bu işlər birinci yarım ildə də davam etdirilmiş, “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin sədri 23-24 yanvar tarixlərində İsmayıllı rayonunda keçirilən VII Beynəlxalq Arıçılıq Konfransında, 4-6 mart tarixlərində isə İstanbul şəhərində keçirilən IX arıçılıq məhsulları sərgisində iştirak etmişdir.
    Arıçılığın inkişafı bu sahədə fəaliyyət göstərən təsərrüfatçılarla dövlət orqanları arasında məlumat mübadiləsinin mütəmadi xarakter daşımasından da əhəmiyyətli dərəcədə asılıdır. Mövcud tarixi ənənələrin elmi yanaşma ilə vəhdəti arıçılıq təsərrüfatlarında gəlirliliyi təmin edən başlıca şərtlərdəndir. Bu məqsədlə yanvar-iyun aylarında arıçı sahibkarlarla, ümumilikdə, 11 müşavirə və 15 görüş keçirilmiş, 12 adda 120 nüsxə maarifləndirici buklet hazırlanaraq paylanmışdır. Dövlət pro­qramının icrası istiqamətində həyata keçirilən maarifləndirmə işləri arıçıların öz təsərrüfatlarını mütəxəssis məsləhəti əsasında səmərəli idarə etməsi üçün geniş imkanlar açmışdır. Proqramın giriş hissəsində qeyd olunduğu kimi: “Muxtar respublikada arıçılığın inkişafı, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsi üçün davamlı tədbirlər görülür. Belə ki, arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi keyfiyyətli məhsul istehsalına və bazarın yerli istehsal hesabına təmin olunmasına şərait yaratmışdır”.
    Görülən işlər və həyata keçirilən tədbirlər bu sahədə uğurların davamlılığını təmin edir.

“Şərq qapısı”

Nəşr edilib : 09.08.2022 18:36