AZ EN RU

“Araz-Naxçıvan”ın liderliyi davam edir

    Futbol üzrə Azərbaycan I Divizionunda 13-cü turun oyunlarına start verilib.
    Ötən turu qələbə ilə başa vuran “Araz-Naxçıvan” Bakı şəhərində yerləşən “Asko Arena”da yerli “Səbail-2” komandasının qonağı olub. Şamil İmanzadə, Zöhrab Abbasov, Orxan İbişov və Əli Əliyevdən ibarət hakimlər briqadasının idarə etdiyi görüş komandamızın qələbəsi ilə başa çatıb.
    Oyunun ilk dəqiqələri hər iki komanda üçün kəşfiyyat xarakterli keçib. Ara-sıra qapılara edilən hücumlarda gah hücumçuların qeyri-dəqiq oyunu, gah da qapıçıların sayıqlığı topun tordan keçməsinə maneçilik törədib. Görüşün ilk yarım saatında rəqib komandanın hücumu zamanı qapıya edilən zərbəni qapıçımız Vüsal Şabanov iki cəhdə dəf edib. 37-ci dəqiqədə isə “Araz-Naxçıvan”ın forvardı Saboa De Lüsenin zərbəsi zəif alınıb. 
    İkinci hissə isə komandamız üçün uğurlu alınıb. Əvvəlcə 54-cü dəqiqədə rəqib müdafiəçilərinin səhvindən istifadə edən Bayraməli Qurbanov tablodakı sıfırları dəyişməyə müvəffəq olub – 1:0. Hücumlarının kəsərini artıran komandamız 70-ci dəqiqədə rəqibi ikinci dəfə mərkəzə dəvət edib. Belə ki, yenə də Bayraməli Qurbanov dubla imza atıb – 2:0. Bu, eyni zamanda görüşdə vurulan sonuncu qol olub.
    Bu qələbədən sonra “Araz-Naxçıvan” 29 xalla turnir cədvəlinə başçılıq edir.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 05.12.2022 21:02