AZ EN RU

Aqrar sığorta: sosial-iqtisadi inkişafa yeni stimul

    Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə qəbul olunan və uğurla reallaşdırılan Dövlət proqramları, həmçinin 2015-ci ilin muxtar respublikada “Kənd təsərrüfatı ili”, 2019-cu ilin isə  “Ailə təsərrüfatları ili” elan olunması, bunlarla əlaqədar həyata keçirilmiş fundamental tədbirlər aqrar sektorun əsaslı yüksəlişinə rəvac vermişdir. 
    Belə ki, muxtar respublikada torpaqlardan səmərəli istifadə olunması, torpaq mülkiyyətçilərinə müxtəlif sahələrdə dəstək göstərilməsi, anbarlar yaradılması, satış yarmarkaların təşkil olunması, maşın, mexanizm, gübrə təminatının yaxşılaşdırılması, məhsuldar sort və cinslərin yetişdirilməsi, xaricdən alınması, aqrar sahə üzrə mütəxəssislərin, aqronom və baytarların hazırlanması daim dövlətin diqqət mərkəzində saxlanılır. Görülən kompleks işlər nəticəsində diyarımızda bu sahənin dayanıqlı inkişafı, onun çoxşaxəliliyi təmin olunub, müxtəlif bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı üçün əlverişli zəmin yaradılıb. Hazırda Naxçıvanda mövcud torpaq, su, iqlim ehtiyatlarından, habelə maddi-texniki bazadan səmərəli istifadə olunması ilə aqrar sahədə yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalı üçün hər cür imkanlar vardır.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasındakı çıxışında ərzaq təhlükəsizliyinin təmin olunmasını inkişafın əsas hədəfi kimi dəyərləndirərək demişdir: “Muxtar respublikada aqrar sahədə görülən işlər, həyata keçirilən islahatlar da bu məqsədə hesablanmışdır. Qarşıdakı dövrdə də bu sahədəki fəaliyyət davam etdirilməli, məhsuldarlığın artırılması sahəsində elmi-təcrübi tədbirlər görülməlidir. Əkinəyararlı torpaqlardan təyinatına uyğun istifadə olunmalı, mütərəqqi suvarma şəbəkələri qurulmalı, suvarma suyunun düzgün bölgüsünə və səmərəli istifadəsinə nəzarət gücləndirilməli, tələbata uyğun yeni kənd təsərrüfatı texnikaları və mineral gübrələr alınıb gətirilməlidir.
    Muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi uğurlu nəticələrin qazanılmasına və əhalinin məşğulluğunun təmin olunmasına, ən əsası isə istehsal olunan məhsulların keyfiyyətinin və çeşidinin artırılmasına səbəb olmuşdur. Ona görə də qarşıdakı dövrdə də ailə təsərrüfatlarının fəaliyyətinə mühüm əhəmiyyət verilməli, istehsal olunmuş məhsulların satışına və ixracına köməklik göstərilməlidir.
    Muxtar respublikada sığorta işi də təkmilləşdirilməli, aqrar sığorta bazarının formalaşmasına və inkişafına köməklik göstərilməli, Aqrar Sığorta Fondunun fəaliyyəti gücləndirilməlidir”. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2020-ci il 8 yanvar tarixli Fərmanı və 30 dekabr 2021-ci il tarixli Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Aqrar Sığorta Fondunun yaradılması  kənd təsərrüfatının inkişafı üçün ardıcıl olaraq həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir. 
    Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi baş verə biləcək müxtəlif halları  əhatə edir. Bəllidir ki, kənd təsərrüfatı məhsullarının istehsalına zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, sel və ya subasma, leysan, ildırım, şaxtavurma, normadan artıq qar yağması kimi təbii fəlakətlər,  həmçinin yanğınlar, bitki xəstəlikləri və zərərvericiləri, yoluxucu xəstəlik və zəhərlənmələr, ilan və həşərat sancmaları, zəhərli otlar və yemlərdən zəhərlənmə, kütləvi zəhərlənmələr, kimyəvi maddələrin təsirindən zəhərlənmələr və nəticəsində ölüm, habelə vəhşi heyvanların hücumu, xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, eləcə də üçüncü şəxslərin hərəkətləri nəticəsində xeyli zərərlər dəyə bilər. Aqrar sığorta bu gözlənilməz hadisələrdən dəyə biləcək zərərlərin kompensasiya olunmasına və ödənilməsinə təminat verir, kənd təsərrüfatı sahəsində çalışan sahibkarların daha təhlükəsiz işləməsinə, onların sabit gəlir əldə etməsinə şərait yaradır. 
    Aqrar Sığorta Fondunun Nizamnaməsində göstərildiyi kimi, bu fond muxtar respublikada aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək məqsədilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir. 
    Ərzaq təhlükəsizliyinin gücləndirilməsi, idxalın əvəz edilməsi və ixrac potensialının gücləndirilməsi məqsədilə aqrar sığortanın predmetinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə 36 ədəd bitki  – buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, limon, tütün, üzüm, badam, günəbaxan, soya, yonca, noxud yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, cəviz, soğan, kələm, qarpız, yemiş(qovun), pomidor, sarımsaq, darı, fındıq, çəltik, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə isə iribuynuzlu mal-qara (südlük istiqaməti üzrə 11-ci gündən 7 yaşa qədər, ətlik istiqaməti üzrə 11-ci gündən 3 yaşa qədər), xırdabuynuzlu heyvanlar (11-ci gündən 5 yaşa qədər), həmçinin akvakultura məhsulu üzrə balıqlar daxil edilir.
     Qeyd edək ki, bu məhsulların sığortasında sığortahaqqının 50 faizi sığortalı tərəfindən, qalan 50 faizi isə dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək. Aqrar sığortanın bu istiqamətlərdə tətbiqi məşğulluğun artması ilə yanaşı, sadalanan məhsulların istehsalında artım, bazardakı qiymətlərin sabitləşməsi, investisiya risklərinin azaldılması, fermerlərin himayəsinin daha da yaxşılaşdırılması, istehsalı genişləndirmək üçün şəraitin təmin edilməsi və sığorta bazarının gücləndirilməsi məqsədi daşıyır.
    Kənd təsərrüfatı bitkiləri məhsulun dəyərinin 70 faizi həcmində sığorta müqaviləsi bağlanılır. Həmin dəyərin 5 faizi həcmində sığortahaqqı alınacaq. Bu 5 faizlik sığortahaqqının, yuxarıda göstərildiyi kimi, 50 faizi dövlət büdcəsi tərəfindən qarşılanacaq. Məsələn, Culfa rayonunda 0,5 hektar sahədə buğda əkmiş kəndli fermerin hər hektardan 29,2 sentner məhsul götürməsi müəyyənləşdirilərsə, hər sentner məhsulun qiymətinə, yəni 35 manata vurulmaqla əldə olunmuş məhsulun dəyəri 511 manat təşkil edir ki, bu məhsulun 70 faizi, yəni 357 manat 70 qəpik sığorta məbləği kimi qəbul olunur və sığorta tarif dərəcəsi isə 5 faiz olduğundan sığortahaqqı 17 manat 88 qəpik təşkil edir və bunun da 50 faizi, yəni 8 manat 94 qəpiyi fermer, qalan 50 faizi isə dövlət büdcəsi vəsaiti hesabına ödənilir. 
    Yaxud da ki, 3 hektar sahədə buğda əkmiş kəndli fermer hər hektardan orta göstərici 29,2 sentner olarsa, bir sentner məhsulun qiymətinə, yəni 35 manata vurulmaqla 3 hektardan əldə olunmuş məhsulun dəyəri 3066 manat müəyyən edilir. Bu məhsulun 70 faizi, yəni 2146 manatı sığorta məbləği kimi qəbul olunur və sığorta tarif dərəcəsi isə 5 faiz olduğundan sığortahaqqı 107 manat 31 qəpik təşkil edir və bunun da 50 faizi, yəni 53 manat 65 qəpiyini fermerin, qalan 50 faizi isə dövlət büdcəsi vəsaiti hesabına ödənilir. 
    Onu da deyək ki, bir hektar əkinə görə rayonların orta məhsuldarlıq göstəricisi yerli xüsusiyyətlər, şərait və sair nəzərə alınmaqla müəyyənləşdirilmişdir. 
    Kənd təsərrüfatı heyvanlarına gəldikdə isə, yaş qruplarına görə heyvanların sığorta haqqı fərqli olacaq. Belə ki, 1 yaşdan 2 yaşadək olan inək və camışlar müvafiq olaraq 1000 və 1100 manat sığorta məbləği üçün 6-10 faiz həcmində sığortahaqqı hesablanmaqla 60 və 66 manat məbləğində olacaq ki,  onun da 50 faizi sığortalı sahibkar, qalan 50 faizi isə dövlət büdcəsi hesabına ödənilir. 
     2 yaşdan 4 yaşadək isə inək və camışlar üçün 1400 və 1500 manat həcmində sığorta məbləği üçün yenə də 6 faiz həcmində sığortahaqqı hesablanmaqla müvafiq olaraq 84 və 90 manat məbləğində nəzərdə tutulur ki, onun da 50 faizi sığortalı, qalan 50 faizi isə dövlət büdcəsi hesabına ödənilir. 4 yaşdan 7 yaşadək olan inək və camışlar üçün sığorta məbləği 1900 və 2000 manat olmaqla, 6 faiz sığorta tarifi tətbiq olunmaqla sığortahaqları 114 və 120 manat təşkil edir ki,  onun da 50 faizi sığortalı, qalan 50 faizi isə dövlət büdcəsi hesabına ödənilir. Xırdabuynuzlu heyvanlar üçün isə 11-ci günündən 3 yaşa qədər bazar dəyəri götürülür. Bir yaşdan yuxarı heyvanlar 8-12 faiz aralığında sığorta olunur.
    Akvakultura məhsulları üzrə balıqların sığortalanması zamanı 1000 kiloqram balığın sığortalanması üçün 5000 manat sığorta məbləği müəyyənləşdirilməklə 6 faiz həcmində sığortahaqqı, yəni 300 manat ödəməklə sığorta təminatı verilir. Eyni zamanda bu sığortahaqqının 50 faizi, yəni 150 manat sığortalı, qalan 50 faizi isə dövlət büdcəsi hesabına ödənilir. 
     Beləliklə, aqrar sektorda fəaliyyət göstərənlər sahib olduqları arpa, buğda və digər əkin sahələrini, eləcə də mal-qarasını sığorta etdirməklə gözlənilməz hər hansı bir hadisə nəticəsində zərər çəkmiş əkin sahəsinə və mal-qarasına görə sığorta məbləği almış olacaqlar. Muxtar respublikamızda Aqrar Sığorta Fondunun yaradılması ilə bu sahəyə dövlət tərəfindən hərtərəfli dəstək verilir və sığortahaqqının da 50 faizi büdcə vəsaiti hesabına ödənilir. Bütün bunlar həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də fermerlərin mənafelərinin qorunması baxımından böyük əhəmiyyətə malikdir. 

Amil Məmmədov
“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” 
publik hüquqi şəxsin əməkdaşı

Nəşr edilib : 09.03.2022 20:25