AZ EN RU

Aqrar sahənin inkişafı istiqamətində islahatlar davam etdirilir

    Ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan muxtar respublikada aqrar sahənin inkişafı, bu sahədə dönüş yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu istiqamətdə mühüm qərarlar qəbul edilmiş, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, aqrar münasibətlər formalaşmışdır. Bu gün ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişafı diqqətdə saxlanılır, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür, mühüm Dövlət proqramları qəbul edilir. 
    Naxçıvanda iqtisadiyyatın ayrılmaz tərkib hissəsi kimi kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə, eləcə də emal sənayesinin inkişafına və ixrac potensialının formalaşmasına şərait yaradıb. Təsərrüfat sahiblərinin keyfiyyətli məhsullar istehsal etməsi və satışından gəlir götürməsi onların fəaliyyətlərini genişləndirmələri üçün stimul yaradıb. Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində ailə təsərrüfatlarının rolu mühüm əhəmiyyət kəsb edir. Onların fəaliyyətinin dəstəklənməsi isə sahibkarlığın inkişafına yol açır. Ailə təsərrüfatları bazarı yerli məhsullara təmin etməklə zamanla kiçik və orta sahibkara çevrilirlər. Göstərilən dövlət maliyyə dəstəyi ailə təsərrüfatlarının fəaliyyətində böyük rol oynamaqla yeni təsərrüfatların yaranmasına əlverişli imkanlar açır. 
    Məlumat üçün bildirək ki, muxtar respublikada 2022-ci ilin yanvar-noyabr aylarında 507 milyon 588 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 26531 ton, süd istehsalı 85599 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5,8 faiz, süd istehsalı isə 1,4 faiz artıb. Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
    Əhalinin ərzağa olan tələbatının yerli istehsal hesabına ödənilməsi üçün muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində aparılan islahatlar bundan sonra da  davam etdiriləcək. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 21.12.2022 19:09