AZ EN RU

Aqrar sahədə stimullaşdırıcı tədbirlər davam etdirilir

Dövlət proqramı icra olunur

     Sosial-iqtisadi inkişafın ən mühüm istiqamətlərindən birini kənd təsərrüfatı təşkil edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ərzaq təhlükəsizliyinin və əhali rifahının təmin olunması baxımından olduqca böyük əhəmiyyətə malikdir.

    Naxçıvan Muxtar Respublikasında mövcud təbii şərait burada aqrar sektorun inkişafı üçün geniş imkanlar açır. Bu imkanlardan maksimum istifadəyə yönələn dövlət əhəmiyyətli tədbirlərin ardıcıl xarakter alması kənd təsərrüfatını iqtisadiyyatın aparıcı sahələrindən birinə çevirmişdir. Görülən işlərin əsas məqsədi bir tərəfdən aqrar sahənin dayanıqlı inkişaf mövqeyini qorumaq, digər tərəfdən yerli istehsal məhsullarının ixrac potensialını artırmaqdan ibarətdir. Bu istiqamətdə ötən dövrlərdə əldə edilmiş müsbət nəticələrin davamlılığını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Ötən il proqramda nəzərdə tutulan tədbirlərin icrası diqqətdə saxlanılmışdır.
    Aqrar sahədə inkişafı təmin edən başlıca amillərdən biri göstərilən dövlət dəstəyidir. Bu məqsədlə həyata keçirilən tədbirlər istehsalda səmərəliliyi yüksəltməklə yanaşı, həm də təbii resurslardan dayanıqlı istifadəyə imkan verir. Dövlət proqramının icrası məqsədilə ötən il muxtar respublikada süd və arıçılıq məhsullarının qablaşdırılması, yabanı bitkilərin konservləşdirilməsi, soyuducu anbar, heyvandarlıq, arıçılıq, bağçılıq, gülçülük, tingçilik və limonçuluq təsərrüfatlarının yaradılması məqsədilə 140 layihənin maliyyələşdirilməsinə 3 milyon 325 min 878 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Ümumilikdə, 2021-ci ildə kənd təsərrüfatına əsaslanan istehsal sahələrinin yaradılması istiqamətində 139 layihə üzrə işlər başa çatdırılmış, 34 layihə üzrə işlər davam etdirilmişdir. Bu dövrdə Naxçıvanda dövlət maliyyə dəstəyi hesabına 72 heyvandarlıq, 15 arıçılıq, 2 quşçuluq, 1 tingçilik, 4 bağçılıq təsərrüfatının yaradılması, 15 heyvandarlıq, 1 quşçuluq, 1 bağçılıq, 1 limonçuluq təsərrüfatının genişləndirilməsi və 1 üzümçülük təsərrüfatının fəaliyyətinin stimullaşdırılması başa çatdırılmışdır. Culfa rayonunda kompost və torf istehsalı sahəsi yaradılmışdır.
    Muxtar respublikada kənd təsərrüfatının davamlı inkişafına təkan verən istiqamətlərdən biri də Şərur Sənaye Məhəlləsinin yaradılmasıdır. Sənaye məhəlləsində fəaliyyətə başlayacaq aqraryönümlü istehsal sahələrini yerli xammalla təchiz etmək zərurəti bu sahədə inkişafı stimullaşdıran önəmli faktorlardandır. 2021-ci ildə burada bitki yağı istehsalı sahəsinin yaradılması üçün işlər davam etdirilmişdir. Müvafiq avadanlıqların alınması məqsədilə Türkiyədə fəaliyyət göstərən şirkətlə müqavilə bağlanılmış və ötən il onların bir hissəsinin muxtar respublikaya gətirilməsi təmin olunmuşdur.
    Ərzaq təhlükəsizliyinin mühüm prinsiplərindən birini kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət işi təşkil edir. Bu həm əhalinin sağlamlığının qorunmasına, həm də ixrac bazarlarında inamlı mövqe tutulmasına gətirib çıxarır. Proqramın icrası məqsədilə ötən il muxtar respublikada emal olunmuş kənd təsərrüfatı məhsullarının 201 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya analizləri aparılmışdır. Nəticələrin texniki normativ-hüquqi aktların, standartların və şərtlərin tələblərinə uyğunluğu müəyyən edilmişdir. 
     Ali Məclisin Sədri demişdir: “İstehsal olunan məhsulların ixrac potensialını yaratmadan özəl bölmənin inkişafından danışmaq mümkün deyil. Bu sahədə dövlət üzərinə düşən vəzifələri yerinə yetirir, sahibkarlara dəstək verir, ixracın təşviqi sahəsində ardıcıl tədbirlər görülür”. Aqrar sahə üzrə yeni ixrac imkanlarının formalaşdırılması məqsədilə görülən işlər bu sahədə rəqabətqabiliyyətliliyin təmin edilməsi üçün zəruri şərtlərdən biri kimi çıxış edir. Dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatı məhsullarının ixrac bazarlarının genişləndirilməsi istehsalçıların öz məhsullarını əlverişli şərtlərlə sataraq gəlir əldə etmələrinin təmin edilməsinə və beləliklə də, istehsalın artırılması üçün davamlı stimul yaradılmasına nail olmağın mühüm vasitəsidir. Ötən ilin müxtəlif dövrlərində Bakı, İstanbul, Moskva və Dubayda keçirilən beynəlxalq səviyyəli qida məhsulları sərgilərində muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı təmin olunmuşdur. Dövlət proqramının icrasına uyğun olaraq “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən tütün, meyvə araqları və qarğıdalı məhsullarının Bakı şəhərinə, eləcə də Türkiyə, Polşa və İrana maneəsiz şəkildə çıxarılması məqsədilə 9 hаldа mənşə sеrtifikаtı verilmişdir. İxracın stimullaşdırılmasını təmin edən amillərdən biri də sürətli gömrük xidmətinin təşkilidir. Ötən il bu məqsədlə “Gəmiqaya Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” gömrük-buraxılış sistemindən daimi istifadə hüququ verilmişdir.
    Dövlət proqramında müəyyən edilmiş mütərəqqi xarakterli tədbirlərdən biri özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin məşğulluğu ilə bağlı işlərin davam etdirilməsidir. Muxtar respublikada sosial cəhətdən həssas əhali qruplarının sоsiаl müdаfiəsinin gücləndirilməsi ilə yаnаşı, оnlаrın аktiv əməyə cəlbi, məşğulluğunun təmin оlunmаsı da хüsusi diqqətdə saxlanılır. Ötən il Naxçıvanda 330 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluğu təmin edilmişdir ki, bu da 2020-ci illə müqayisədə 39 ailə çoxdur. Özünüməşğulluğu təmin edilən və kənd təsərrüfatı sahəsi üzrə fəaliyyət göstərən ailələrə iribuynuzlu, xırdabuynuzlu mal-qara, arı ailəsi, miniyerşumlayan, odunkəsən, otbiçən, inkubator, quş tükü təmizləyən, otdoğrayan, südsağan və digər aqreqatlar verilmişdir. 
    Aqrar sahədə məhsul istehsalını və emalını stimullaşdıran mühüm tədbirlərdən biri də maarifləndirmə-təbliğat işidir. Bu həm xidmət sahələrində yerli kənd təsərrüfatı məhsullarının təklif olunması imkanlarını artırır, həm də istehsalçıların öz fəaliyyət sahələrini genişləndirmələri üçün həvəsləndirici rol oynayır. 2021-ci ildə xidmət sahələri ilə ailə təsərrüfatları arasında əlaqələrin gücləndirilməsi məqsədilə muxtar respublikanın şəhər və rayonlarında 516 ticarət obyektində maarifləndirmə işi aparılmışdır. Ötən il, eyni zamanda ailə təsərrüfatçılarının, sahibkarların və torpaq mülkiyyətçilərinin maarifləndirilməsi istiqamətində də işlər davam etdirilmişdir. Bu məqsədlə Dövlət proqramının icrasına uyğun olaraq 56 seminar-müşavirə və görüş keçirilmiş, 18 adda 540 nüsxə maarifləndirici buklet hazırlanaraq paylanmışdır.
    Dövlət proqramının icrası muxtar respublikada əlverişli aqrobiznes mühitinin formalaşdırılması, kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və ixrac potensialının artırılması sahəsində yeni nailiyyətlərin əldə olunmasını təmin edir.

“Şərq qapısı”

Nəşr edilib : 29.03.2022 19:59