AZ EN RU

Ana Dili Günü münasibətilə tədbir keçirilib

21 fevral 2022-ci il tarixində Naxçıvan Şəhər İmran Qasımov adına Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında "21 Fevral – Beynəlxalq Ana Dili Günü" ilə əlaqədar  "Mənəvi xəzinəmiz" adlı tədbir keçirilmişdir.

  Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İmran Qasımov adına Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Minayə Nəbisoy açaraq qeyd etmişdir ki, ana dili hər bir xalqın müstəqilliyinin göstəricisi, mənəviyyatının güzgüsüdür. Dil hər millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insanın öz dilini yaxşı bilməsi və onu qoruması mənəvi borcudur. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Hər hansı bir millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Azərbaycan dili də özünəməxsus zənginliyi ilə başqa dillərdən seçilir. Dilimizin dövlət dili müstəvisində tanınması, onun milli və beynəlxalq arenalarda təmsil olunması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımızın ulu babalardan miras qalan bu ən qiymətli milli sərvətini hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”         

 Sonra Naxçıvan Şəhər İmran Qasımov adına Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və biblioqrafiya şöbəsinin kitabxanaçısı Lalə Zeynalova  "Ana dili hər bir xalqın varlığının mühim amilidir" mövzusunda çıxış edərək bildirmişdir ki, BMT 1999 -cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevral ayının 21-ni Beynəlxalq Ana Dili Günü" elan etmişdir. Həmin tarixdən etibarən hər il fevralın 21-i dünyada Beynəlxalq Ana  Dili Günü kimi qeyd olunur.

   AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova "Heydər Əliyev və Azərbaycan dilinin inkişaf tarixi" mövzusunda çıxış edərək bildirmişdir ki, dilimizlə ən mühüm tarixi hadisə 1969-cu ildə hakimiyyətə gələn ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Təşkilati işlər apararaq , elmi və ziyalı təbəqəni bu işə cəlb edərək öz siyasi taleyini risk altına salmaq bahasına olsa belə, dahi Heydər Əliyev 1978-ci ildə Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmağa, Konstitusiyanın 73-cü maddəsində təsdiqini tapmasına nail oldu. Bu addımla Ulu öndərimiz milli dirçəlişin əsasını qoymuş oldu.

Tədbirdə iştirak edən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru Zakir Fətəliyev Naxçıvan ədəbi mühitində öz dəsti xətti olan, şairin öz dili ilə desək dünyaya qəlbinin gözü ilə baxan istedadlı şairimiz Zaur Vedilinin dil haqqında şeirlərindən nümunələr səsləndirmişdir .

Xəbərlər şöbəsi

Nəşr edilib : 21.02.2022 16:57