AZ EN RU

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələr müəyyənləşdirilib və müzakirə olunan məsələlər yarım ilin yekunlarına həsr edilib

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə və yarım ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib. İclası giriş sözü ilə nazir Vüsal Sevdimaliyev açıb. Qeyd olunub ki, ən müasir texnologiyaların tətbiq edilməsi ilə telekommunikasiya xidmətlərinin çeşidinin və keyfiyyətinin artırılması istiqamətində 2022-ci ilin birinci yarısında bir sıra layihələr həyata keçirilib. 
   Şərur rayonunun Çərçiboğan kəndində yeni Rabitə Evi istifadəyə verilib, stasionar telefon şəbəkəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq muxtar respublika üzrə mövcud avtomat telefon stansiyalarının nömrə tutumları artırılıb, ümumilikdə, 935 yeni sabit şəbəkə telefon nömrəsi abonentlərin istifadəsinə verilib. Əhalinin müasir rabitə xidmətlərinə olan tələbatı nəzərə alınaraq Naxçıvan şəhərinin Qaraçuq kəndində 256 nömrətutumlu, Şahbuz şəhərində 448 nömrətutumlu, Babək rayonunda, ümumilikdə, 4 yeni HUAWEİ NGN tipli avtomat telefon stansiyalarının quraşdırılması başa çatıb. Ordubad rayonunun Pəzməri kəndində rabitə xətt təsərrüfatının və 96 nömrətutumlu yeni nəsil Avtomat Telefon Stansiyasının quraşdırılması, eləcə də rayonun Unus və Kələki, Şərur rayonunun Həmzəli,Vərməziyar və Axura kəndlərində rabitə xətt təsərrüfatının yenilənməsi istiqamətində müvafiq işlər isə davam etdirilir.
    Bildirilib ki, nazirlik aparatının məsul şəxslərinin iştirakı ilə rayon mərkəzlərində və kəndlərində monitorinqlər aparılıb, təmir-bərpa işləri görülüb, tələbata uyğun olaraq bir sıra yerlərdə aztutumlu kabellər çoxtutumlu kabellərlə əvəz olunub.
    Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasının ərazisində fiber-optik kabel şəbəkəsinin genişləndirilməsi, evlərə fiber-optik xətlərin çəkilməsinə də şərait yaradıb, “Evədək optika” layihəsi çərçivəsində Naxçıvan şəhərində 16 mənzilə fiber-optik xətt çəkilib və zəruri avadanlıqlar quraşdırılıb. Əhalinin keyfiyyətli internet xidmətləri ilə təmin olunması, eləcə də internetə olan tələbatının ödənilməsi diqqətdə saxlanılıb, Naxçıvan şəhərində, Şərur, Babək, Ordubad, Şahbuz və Sədərək rayonlarının bir sıra kəndlərində fəaliyyət göstərən yeni nəsil HUAWEİ NGN tipli Avtomat Telefon stansiyalarının internet tutumları artırılıb ki, nəticə etibarilə, 2700 dən artıq internet istifadəçisinin tələbatının ödənilməsinə imkan yaranıb. 2022-ci ilin ilk altı ayı ərzində, ümumilikdə, 3032 abonent internetlə təmin olunub. 
    Qeyd edilib ki, ötən dövr ərzində nazirliyin proqramçıları tərəfindən hazırlanmış 9 qurumun rəsmi internet səhifələrinin təqdimatları keçirilib. Saytlar həm funksionallıq, həm də məzmun cəhətdən əvvəlki versiyalar ilə müqayisədə daha da təkmilləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün yeni saytlar müasir üslubda tərtib edilərək hər bir istifadəçinin kompüter, planşet və mobil telefonunun ekran ölçülərinə uyğun şəkildə hazırlanıb, domenə bağlı e-poçt adresləri ilə təmin olunub, proqram təminatlarının, dizaynlarının, idarə edilməsinin, informasiya təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin, habelə təhlükəsizlik sertifikatları ilə təmin olunması, saytların optimizasiyası, “Google” axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün mütəxəssislər tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib.
    2022-ci ilin müvafiq dövründə 7-si vətəndaş, 30-u sahibkar, 24-ü hüquqi şəxs, 179- u isə dövlət qurumu olmaqla istifadəçilərə təqdim olunan elektron imza sertifikatının sayı 240 təşkil edib. 
    Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası, eləcə də kadr hazırlığı da diqqət mərkəzində saxlanılıb hamiliyə verilmiş aid ixtisaslar üzrə təcrübə keçən tələbələrlə təşkil olunan görüşlərdə onlara yeni texnologiyalar barədə, o cümlədən müxtəlif müasir proqramlar, analoq və rəqəmsal elektronika, süni intellekt, nanotexnologiya, robotexnika, mexatronika və 5G texnologiyaları barəsində hazırlanmış slaydlar vasitəsilə ətraflı məlumatlar verilib.
    Diqqətə çatdırılıb ki, nazirlik aparatının, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin və rayon (şəhər) idarələrinin işçilərinin aidiyyəti sahələr üzrə bilik və bacarıqlarının artırılması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilib, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında informasiya təhlükəsizliyinin təminatı üzrə Nümunəvi Təlimat”ın icrası ilə bağlı İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda işləyən aid əməkdaşları və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kursantları üçün seminarlar təşkil olunub, nazirliyin təşkilatçılığı ilə “Microsoft” korporasiyası, “HUAWEİ Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Defscope” Məhdud Məsuliyyətli Cəmiyyəti, “ORİENT” İnformasiya Texnologiya Mərkəzi, “Dell Technologies”, “PlusClouds”, “Radius” və “Schneider Electric” şirkətləri, Prysmian Group, “Azerfon” və Azerconnekt” Məhdud Məsuliyyətli cəmiyyətləri tərəfindən seminarlar və vebinarlar, həmçinin Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan ixtisasartırma kurslarına 135 qrup olmaqla, 315 dinləyici cəlb edilib.
    Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.

***

    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında cari ilin 6 ayının yekunlarına və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
    Yığıncağı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva giriş sözü ilə açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının müdafiəsi və bərpası məqsədilə məhkəmədənkənar hüquq müdafiə mexanizmi və insan hüquqları institutu kimi fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) hamı üçün bərabər hüquqların təmin olunmasını və əhalinin bütün qruplarının hüquq və azadlıqlarına hörmət edilməsini fəaliyyətinin bütün dövrlərində əsas meyar kimi rəhbər tutub.
    Vurğulanıb ki, 2022-ci ilin birinci yarısında Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 33 müraciət daxil olub, bütün müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılaraq vaxtında cavablandırılıb, şikayətlərin 5-nə baxılmasından qanunvericiliyə uyğun olaraq imtina edilib, qalan 28 müraciət baxılmaq üçün icraata qəbul edilib.
    Qeyd olunub ki, Müvəkkil cari ilin 6 ayı ərzində sosial cəhətdən həssas olan əhali qruplarının, o cümlədən uşaqların, qadınların, sağlamlıq imkanları məhdud olan şəxslərin, ahılların və miqrantların, həbs edilmiş şəxslərin və məhkumların, hərbi qulluqçuların hüquqlarının müdafiəsini diqqət mərkəzində saxlayıb. Müvəkkil fəaliyyətini həmin şəxslərə ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirərək hesabat dövründə 37 hüquqi maarifləndirici tədbir keçirib, həmin tədbirlərdə, ümumilikdə, 717 nəfər iştirak edib.
    Vurğulanıb ki, hesabat dövründə səmərəli hüquq müdafiə mexanizmi kimi formalaşan Müvəkkil təsisatı tərəfindən preventiv mexanizm funksiyasının icrası təmin edilib, preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 28 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 66 başçəkmə həyata keçirilib. Başçəkmələr zamanı saxlanma şəraiti, işçi heyətinin rəftarı, qida rasionu, qidanın keyfiyyəti, tibbi xidmətin vəziyyəti, onların asudə vaxtının təşkili kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılıb, saxlanılan şəxslərlə görüşlər keçirilib, 255 şəxslə ümumi və fərdi söhbətlər aparılıb, hüquq və vəzifələri izah edilib.
    Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

***

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələr və 2022-ci ilin birinci yarısında görülmüş işlər müzakirə olunub. Kollegiya iclasında komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin və daxili bazarın qorunması, hüquq-mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gömrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyyət davam etdirilib.
    Vurğulanıb ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük xidmətinin modernləşməsi, iş şəraitinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb. Sədərək Dövlət Sərhəd-buraxılış məntəqəsində yük maşınlarının sıxlığının aradan qaldırılmasına, idxal və ixrac istiqamətində yüklərin rəsmiləşməsinin sürətlənməsinə xidmət edəcək Sədərək Ticarətin Asanlaşması Mərkəzinin tikintisinə başlanılıb. Tranzit nəqliyyat vasitələrinin muxtar respublika ərazisindən sürətli və təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsi üçün yeni yolun çəkilişi başa çatdırılıb. Risk amilləri əsasında yeni profillərin formalaşdırılması ilə gömrük xidmətində risklərin idarə olunması işinin səmərəliliyi artırılıb. Komitənin Hədəf Mərkəzi vasitəsilə gömrük orqanlarında iş prosesinə və gömrük müayinələrinə nəzarət gücləndirilib. 
    Komitə sədri bildirib ki, muxtar respublika gömrük orqanları 2022-ci il ilin birinci yarısında 18 milyon manat vəsait toplayaraq büdcə öhdəliyini 109 faiz yerinə yetirib. Toplanmış gömrük ödənişləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz çox olub.
    Vurğulanıb ki, 2022-ci ilin altı ayı ərzində gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə gücləndirilib, gömrük orqanları tərəfindən 101 inzibati, 9 cinayət xarakterli fakt aşkarlanıb, ümumilikdə, 802 kiloqram narkotik vasitə və psixotrop maddənin muxtar respublika ərazisindən tranzit keçirilməsinin qarşısı alınıb.
    Muxtar respublikamızda qəbul olunmuş Dövlət proqramlarından, Ali Məclisin sessiyalarından, keçirilən müşavirələrdən irəli gələn vəzifələrin icrası istiqamətində işlər davam etdirilib. Daxili bazarın xarici təsirlərdən qorunması, yeri istehsalın, o cümlədən ailə təsərrüfatlarının dəstəklənməsi istiqamətində əlavə tədbirlər görülüb, muxtar respublikaya gətirilən malların keyfiyyətinə ciddi nəzarət edilib. Cari ilin altı ayı ərzində keyfiyyəti standartlara cavab vermədiyindən 12 tondan artıq qida məhsulu və yuyucu vasitələr saxlanılaraq müvafiq tədbirlər görülüb. 
    Hesabat dövründə malların gömrük rəsmiləşməsinin asan və sürətli formada həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının ixracına köməklik göstərilməsi, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən ixracatçıların sayının artırılması ilə muxtar respublikanın ixrac potensialının gücləndirilməsinə dəstək verilib.
    Gömrük orqanlarında kadr potensialının gücləndirilməsi və əməkdaşların peşəkarlığının artırılması məqsədilə ixtisaslaşma və təkmilləşmə proqramlarının həyata keçirildiyini vurğulayan komitə sədri müxtəlif  mövzularda təlimlərin gömrük işinin və gömrük nəzarətinin keyfiyyətinin artırılması baxımından səmərəli olduğunu, bu il keçirilən təlimlərdə, ümumilikdə, 155 əməkdaşın iştirak etdiyini qeyd edib. 
    Komitə sədri vurğulayıb ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında verilmiş tapşırıqlara uyğun olaraq muxtar respublikada istehsal olunan məhsulların daxili bazarda mövqeyinin möhkəmləndirilməsi və rəqabət qabiliyyətinin artırılması istiqamətində işlər davam etdiriləcək, daxili tələbat və ixrac imkanları, o cümlədən ixrac bazarlarında baş verən tendensiyalar düzgün təhlil olunaraq müvafiq tədbirlər görüləcəkdir. Həmçinin gömrük keçid məntəqələrində xidməti davranışın düzgün qurulması və nizam-intizamın möhkəmləndirilməsi diqqətdə saxlanılacaqdır. 
    Kollegiya iclasına yekun vuran komitə sədri hərtərəfli dövlət qayığısı ilə əhatə olunan gömrük orqanlarında xidmətin keyfiyyətinin yüksəldilməsi, biznes subyektləri və vətəndaşlarla işin gücləndirilməsi, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, qonşu ölkələrin milli valyutalarında kəskin dəyişikliklər zamanı daxili bazarın qorunması üçün əlavə tədbirlərin görülməsi, gömrük işi sahəsində elektron xidmətlərdən istifadənin artırılması və gömrük rəsmiləşməsinin daha da sürətlənməsi, kadrların ixtisaslaşması və peşəkarlığının artırılması istiqamətində təlimlərin davam etdirilməsi, nizam-intizama ciddi əməl edilməsi, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması ilə bağlı konkret tapşırıqlar verib.
    Sonda kollegiya iclasının qərar hissəsi oxunaraq qəbul edilib.

***

    2022-ci ilin birinci yarısında Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının yekunları və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə həsr olunmuş müşavirəni Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açıb. Digər çıxışlarda bəhs olunan dövrdə görülmüş işlərlə bağlı məlumatlar verilib.
    Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, ilin birinci yarısında Naxçıvan şəhərində iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyaların həcmi 0,9 faiz artıb. Hesabat dövründə 16 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri başa çatdırılıb, 59 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir. 
    2022-ci ilin birinci yarısında Naxçıvan şəhərində “Naxçıvan Saray” kompleksi, “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni istehsal xətti, yeyinti məhsullarının qablaşdırılması sahəsi, sağlamlıq mərkəzi, dörd avtomobil təmiri sahəsi, bir arıçılıq və bir heyvandarlıq təsərrüfatı yaradılıb, bir arıçılıq və bir heyvandarlıq təsərrüfatı genişləndirilib, “İmplant Dent Naxçıvan” Stomatoloji Klinikası yenidən qurulub, oksigen istehsalı, enerji içkilərinin istehsalı, mebel istehsalı, iplik istehsalı, iki avtoservis xidməti sahəsi, iki mağaza, iki anbar, akvarium balıqlarının yetişdirilməsi sahəsi, “Naxçıvan Şərab” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən içki istehsalı sahəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən salfet istehsalı, “Saf Metal” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məişət və kənd təsərrüfatı avadanlıqlarının istehsalı sahələri, bir arıçılıq və bir heyvandarlıq təsərrüfatının yaradılması, unlu-qənnadı məmulatların, iki mebel istehsalı sahəsinin və heyvandarlıq təsərrüfatının genişləndirilməsi, tikiş sahəsinin fəaliyyətinin stimullaşdırılması davam etdirilir.
    Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin inzibati binasının, Naxçıvan şəhərində bir yaşayış binasının əsaslı təmiri başa çatdırılıb, bir sıra inzibati binanın tikintisi və digər quruculuq tədbirləri davam etdirilir.
    Bildirilib ki, 2022-ci ilin ilk yarısında Naxçıvan şəhərində sənaye məhsulu istehsalı sahəsində bir sıra işlər görülüb, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsal olunan sənaye məhsulunun həcmi 2,1 faiz artıb. Dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 11 layihə üzrə istehsal və xidmət obyekti yaradılıb, 18 layihə üzrə istehsal və xidmət obyektinin yaradılması davam etdirilir. Bəhs olunan dövrdə aqrar sektorun inkişafı üçün də bir sıra işlər görülüb. Naxçıvan şəhərində 2 min 248 hektar sahədə əkin aparılıb ki, bunun da 992 hektarını taxıl əkini təşkil edir. 1 iyul 2022-ci il tarixə dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən yığılmış məhsul 1,8 dəfə, məhsuldarlıq 1,4 faiz artıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz bitkilərinin əkini sahələrindən yığılan məhsul 3,4 faiz, məhsuldarlıq 2,4 faiz çox olub. Barverən meyvə bağlarından 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox məhsul yığılıb. Ət istehsalı 1,3, süd istehsalı 1,7, yumurta istehsalı 1,2, yun istehsalı 1,4 faiz artıb. Naxçıvan şəhərinin kənd və balıqçılıq təsərrüfatlarında 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 1,9 faiz çox məhsul istehsal edilib.
    İcra başçısı qarşıda duran vəzifələrdən də danışıb.

***

    Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində keçirilən tədbirdə çıxış edən xidmətin rəisi Mirzə Cəlilov bildirib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə hərbi xidmətə qəbul ilə əlaqədar 2022-ci ilin birinci yarım ili ərzində daxil olmuş 133 müraciət əsasında xidmətin rayon (şəhər) idarə və şöbələri üzrə   6 zabit, 13 gizir, 107 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 7 qadın hərbi qulluqçu ehtiyatdan çağırılaraq hərbi-həkim komissiyasından keçirilməklə həqiqi hərbi xidmətə göndərilmiş, 885 nəfər Silahlı Qüvvələrdən ehtiyata buraxıldığına görə qeydiyyata alınmışdır. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 may tarixli Qərarına uyğun olaraq çağırışçıların və hərbi vəzifəlilərin dövlət orqanlarında və təşkilatlarda hərbi uçotun və təxsis (bron) edilmə vəziyyətinin yoxlanılması həyata keçirilmişdir. Xidmətin rayon (şəhər) idarə və şöbələri üzrə 2022-ci ilin birinci yarım ili üçün nəzərdə tutulmuş 270 idarə, müəssisə və təşkilat tam yoxlanılmışdır. Vurğulanmışdır ki, 2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət proqramı çərçivəsində müddətli həqiqi hərbi хidmətini başa vuraraq Silahlı Qüvvələrdən еhtiyata tərxis olunan şəxslərin işlə təmin olunması məsələlərinin həlli ilə əlaqədar onlar haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş və həmin gənclərin məşğulluqlarının təmin edilməsi nəzarətdə saxlanılmışdır. 2022-ci ilin birinci yarım ili ərzində hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik əleyhinə olan inzibati xəta törətməyə görə, ümumilikdə, 7230 manat məbləğində cərimə dövlət hesabına ödənilməklə inzibati tənbeh tətbiq edilmişdir. 
    Diqqətə çatdırılmışdır ki, bəhs olunan dövrdə də  Vətən müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş, şəhid olmuş, xəsarət almış Azərbaycan Respublikası Prezidenti tərəfindən və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təltif edilmiş şəxslərə orden, medal və onların vəsiqələri təqdim olunmuşdur. Bildirilmişdir ki, hesabat dövründə Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının tələbələri üçün məşğələlər keçirilmiş, dördüncü kurs tələbələrinin yekun imtahanında xidmətin əməkdaşı iştirak etmişdir.
    Qeyd olunmuşdur ki, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının, müharibə veteranlarının iştirakı ilə şagirdlərlə vətənpərvərlik mövzusunda tədbirlər keçirilmişdir. Çağırışaqədər yaş həddində olan vətəndaşların Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətə hazırlanması məqsədilə 2022-ci ilin may ayında xidmətin rayon (şəhər) idarə və şöbələrinin, eləcə də təhsil şöbələrinin və hərbi hissələrin birgə təşkilatçılığı ilə rayon (şəhər) ərazisində yerləşən “N” hərbi hissənin atış meydanında  açıq dərslər və nəzəri məşğələlər keçilmişdir.
    Sonra çıxışlar edilib. 

***

    Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində keçirilən kollegiya iclasında xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev geniş məruzə ilə çıxış edib. 
    Qeyd olunub ki, xidmətin fəaliyyət istiqamətlərində prioritet yer tutan qanunsuz miqrasiyaya qarşı səmərəli və effektiv mübarizə tədbirləri birinci yarım il ərzində də ciddi nəzarətdə saxlanılıb. Belə ki, həyata keçirilən tədbirlər zamanı muxtar respublika ərazisində qeydiyyatsız olan, qanunsuz yaşayan, həmçinin qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 287 əcnəbi aşkarlanıb. Əcnəbiyə yaşayış sahəsi verən 1 şəxs barəsində cərimə inzibati tənbeh növü tətbiq edilib, əcnəbilərdən 285-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla, biri barəsində isə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla cərimə inzibati tənbeh növü tətbiq olunub.    
    Vurğulanıb ki, hesabat dövrü ərzində əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqətiolma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin, iş icazələrinin verilməsi, vətəndaşlıq məsələləri və xidmətin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı, ümumilikdə, xidmətə 2678 müraciət daxil olub. Həmin müraciətlərdən 1774-ü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlıdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə olduğu yer üzrə qeydiyyatla bağlı daxil olan müraciətlər 1,3 dəfə və ya 36 faiz çoxdur.
    “Bu gün Dövlət Miqrasiya Xidmətinin elektron xidmətləri bütün sahələr üzrə tam gücü ilə fəaliyyət göstərir”, – deyən xidmət rəisi əlavə edib ki, birinci yarım il ərzində    e-mail ünvanı və “Elektron hökumət” portalına, ümumilikdə, 396 müraciət daxil olub. Bu müraciətlərin 368-i əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, 13-ü müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı, 15-i isə sorğu xarakterlidir. Müraciətlərin hər biri xidmət tərəfindən tam, operativ, eyni zamanda qanuna müvafiq qaydada cavablandırılıb. Həmçinin hesabat dövründə xidmətə əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 409, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 8, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi ilə bağlı 3, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 291 müraciət daxil olub. 
    Qeyd olunub ki, 2022-ci ilin birinci yarım ili ərzində əcnəbilərin Naxçıvan Muxtar Respublikasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin verilməsi ilə bağlı xidmətə 100 müraciət daxil olub.
    Xidmət rəisi bildirib ki, muxtar respublika ərazisində müvəqqəti olan və yaşayan, habelə mövcud vəziyyətlə əlaqədar öz ölkələrinə qayıda bilməyən əcnəbilərin olma və yaşamalarının leqallaşdırılması ilə bağlı da zəruri tədbirlər görülüb və onların ölkədə olmaları qanuniləşdirilib. Bu səbəbdən birinci yarım il ərzində müvəqqətiolma müddətinin uzadılması ilə bağlı 78 müraciət daxil olub və icrası təmin edilib.
    Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

***

    Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində cari ilin ilk yarım ilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbiri giriş sözü ilə xidmətin rəisi Müslüm Cabbarzadə açıb. Bildirilib ki, muxtar respublikamızda daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərinin tənzimlənməsi məqsədilə Şərur, Kəngərli və Şahbuz rayonlarında torpaqdan istifadə vəziyyətinə dair monitorinqlər aparılıb, torpaqların qanunsuz istifadəsinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb. 
    Diqqətə çatdırılıb ki, 48 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 30 ailə təsərrüfatının icarəsinə verilmiş 7,34 hektar torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. Bununla belə 2022-ci ilin 6 ayı ərzində muxtar respublika üzrə 3565 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 3,5 faiz artıb. Yeni yaranmış 175 daşınmaz əmlak obyektinə ünvan verilib, 2546 texniki sənəd hazırlanıb, səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 45 yaşayış məntəqəsində vətəndaşların müraciətlərinə baxılıb, 573 vətəndaşa elektron xidmətlər göstərilib. Naxçıvan şəhərinin 54-cü, 56-cı, Xətai və Əlincə məhəllələrində sənaye üsulu ilə hazırlanmış 2400-dən artıq ünvan lövhəsi və giriş nömrə nişanının quraşdırılması başa çatdırılıb.
    Qeyd olunub ki,  2022-ci ilin birinci yarım ili ərzində xidmətin müvafiq sektoru və yerli qurumları tərəfindən hazırlanmış 3080 texniki sənədin parametrləri və həmin sənədlər haqqında digər məlumatlar Milli Qeydiyyat Sisteminə daxil edilib. Daxil olunan müraciətlər əsasında 1014 əmlaka dair texniki pasport, 1532 torpaq sahəsinə dair plan-ölçü, ümumilikdə, 2546 texniki sənəd hazırlanıb. Dövlət qeydiyyatına alınacaq əmlaklara texniki sənədlərin hazırlanması məqsədilə 1011 əmlaka yerində baxış keçirilərək müayinə aktı tərtib edilib. Əmlakların bölünməsi və birləşməsi zamanı əməliyyatların natura və kameral şəraitdə düzgün aparılmasına nəzarətin təşkili məqsədilə 6 ay ərzində 242 əmlaka bölünmə və birləşmə planı tərtib olunub,  bölünmə və birləşmələr maraqlı tərəflərin iştirakı ilə yerlərdə mərz nişanları bərkidilməklə icra edilib.
    Vurğulanıb ki, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar Şahbuz rayonunun Kolanı, Babək rayonunun Aşağı Buzqov və Yuxarı Buzqov bələdiyyələri ərazisində torpaqların qida maddələri ilə təmin­olunma kartoqramlarının yenilənməsi üçün işçi planları hazır­lanaraq “Araz” Elm-İstehsalat Birliyinə təqdim edilib. Bununla yanaşı, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Şərur, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonlarında meyvə bağları və yaşıllıq zolaqlarına dair məlumatlar dəqiqləşdirilərək torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilib. 
    Sonda məruzə ətrafında çıxışlar olub, fəaliyyəti yüksək qiymətləndirilən iki əməkdaşa təşəkkürnamə təqdim olunub. 

***

    Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində keçirilən iclasda çıxış edən xidmətin rəisi Ramin İsmayılov qeyd edib ki, 2022-ci ilin 6 ayı ərzində də əhalinin və digər istehlakçıların fasiləsiz, təhlükəsiz təbii qazla təchizatının təmin olunmasına xüsusi diqqət yetirilmişdir. Muxtar respublika üzrə təbii qaz istehlakçılarının 1 iyul 2022-ci il tarixə ümumi sayı 92907 olmuşdur ki, bunun 89971-i əhali, 2936-sı isə qeyri-əhali abonentdir. Muxtar respublikanın şəhər və rayon ərazilərində ilin 6 ayı ərzində daxil olan müraciətlərə əsasən cəmi 335 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 304-ü əhali, 31-i isə qeyri-əhali abonentdir.
    Cari ilin 6 ayında qaz təsərrüfatında istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsi diqqət mərkəzində saxlanılmış, qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülmüş, təbii qazdan qanunsuz istifadə hallarına yol verməmək üçün nəzarət gücləndirilmiş, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanılması təmin edilmiş, təbii qaz istehlakçılarına əhali və qeyri-əhali qrupundan olan abonentlərə, müəssisə və təşkilatlara (özəl sektora) istehlak olunan təbii qazın dəyərinin ödənilməsi üzrə bildirişlərin, üzləşmə aktlarının və elektron vergi hesab-fakturalarının vaxtında verilməsi təşkil olunmuş, eyni zamanda qaz təsərrüfatında, xüsusilə qəza sahəsində çalışanlar peşəkarlıq səviyyələrinin artırılması məqsədilə ixtisas hazırlığına cəlb edilmişlər.
    Muxtar respublikada qaz təsərrüfatı şəbəkəsində qaz analizatorlar və dedektorlar vasitəsilə ilin 6 ayı ərzində 4164 ədəd sızma aşkarlanıb və sızmalar texniki istismar qaydalarına uyğun olaraq aradan qaldırılmışdır. 
    Şəhər, rayon qaz istismar idarələrinin qəza dispetçer sahələrində istər əhali, istərsə də qeyri-əhali təbii qaz istehlakçıları tərəfindən qaz sızması, qazın təzyiqinin düşməsi, tənzimləyicilərin dayanması və digər bu kimi səbəblərə görə ilin 6 ayı ərzində 5644 ədəd çağırış daxil olmuşdur. Çağırışlara vaxtında gedilmiş, bütün işlər təlimata uyğun yerinə yetirilərək təhlükəsiz və fasiləsiz təbii qazın nəqli bərpa olunmuşdur. Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilmiş, 1 iyul 2022-ci il tarixə cəmi 20978, o cümlədən ilin 6 ayı ərzində 268 qaz sayğacı quraşdırılmışdır.
    Sonda məruzə ətrafında çıxışlar dinlənilmişdir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 26.07.2022 19:41