AZ EN RU

Ailənin, xalqın, dövlətin ən qiymətli sərvətinin sağlamlığı naminə...

    “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”, –deyərək uşaqları ailənin, xalqın, dövlətin ən qiymətli sərvəti, ən əziz neməti kimi dəyərləndirən, onları böyük məhəbbətlə sevən ümummilli liderimiz Heydər Əliyevlə hər görüş sonsuz coşqu hissləri yaşadır, stimul bəxş edirdi azyaşlılara, yaddaşlarında dərin təəssürat, əbədi iz buraxırdı balacaların. Ulu öndərin ölkəmizin, millətimizin, dövlətimizin sabahı naminə misilsiz missiyasının uğurla davam etdirilməsi bu gün sağlamlıq imkanları məhdud uşaqlara, onların cəmiyyətin fəal üzvünə çevrilməsi üçün göstərilən yüksək diqqətdə, qayğıda da bariz şəkildə göstərir özünü. Söhbət açacağım mövzu 2007-ci ildə yaradılan Naxçıvan şəhərindəki Uşaq Bərpa Mərkəzinin bu yöndəki fəaliyyəti barədədir...

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə qəbul olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icra vəziyyəti ilə bağlı əyani şəkildə məlumatlar əldə etmək məqsədilə üz tutduğum Naxçıvan şəhərindəki Uşaq Bərpa Mərkəzinin həyətinə yetişəndə bir mənzərə qarşısında qeyri-iradi ayaq saxlayıram. Mərkəzin əyləncəli oyun sahəsində uşaqların şən-şaqraq səslərini eşidir, öz-özümə, həqiqətən, doğru söyləyiblər: “Uşaqlar gülərsə dünya gülər”, – deyib, düşüncələrə dalıram. Yaddaşımda televiziya ekranlarında izlədiyim, hər dəfə xatırladıqca təsirindən çıxa bilmədiyim videokadrlar canlanır: dünyanın bir sıra yerlərində terrorizmin qurbanına, cəmiyyətin qınaq hədəfinə çevrilən, valideynləri tərəfindən işgəncələrə məruz qalan azyaşlılar. I Qarabağ müharibəsi dövründə, 31 Mart, 20 Yanvar, Xocalı faciəsi zamanı, böyük qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsində erməni vəhşiliyinə düçar olan, işgəncələrdən həyatını itirən, atasız, anasız qalan uşaqlar. Xocalı faciəsi zamanı özündən balaca qardaşını qucağına alaraq namərddən qorumaq üçün bağrına basan uşağın tükürpədən siması, II Qarabağ müharibəsi dövründə Gəncəyə atılan raketdən sonra üzü qanlar içərisində qalan azyaşlının məsum baxışları... “Gedək mərkəzimizin iş prinsipi, verilən yeni reabilitasiya avadanlıqları ilə əyani şəkildə tanış edim sizi”, – deyərək məni düşüncələrdən ayırır bayaqdan kənardan uşaqların bədən gimnastikası hərəkətlərini diqqətlə izləyən Uşaq Bərpa Mərkəzinin baş həkimi Şəhla Əhmədova. Beynimə dolan qara fikirlər bir andaca öz yerini muxtar respublikamızda balacaların xoşbəxt gələcəyi naminə həyata keçirilən işlərlə, xüsusilə də sağlamlıq imkanları məhdud uşaqların təhsili, reabilitasiyası, onların bilik və bacarıqlarının inkişafı istiqamətində görülən tədbirlərlə, reallaşan layihələrlə bağlı düşüncələrə verir. Öz-özümə “nə xoş bizə ki, pisliklərdən, naqisliklərdən uzaq, qədir-qiymət bilinən bir ölkənin vətəndaşıyıq, uşaqlara qayğı dolu diyarda dünyaya göz açmışıq”, – deyirəm...

    Mərkəzlə tanışlıq zamanı öyrənirəm ki, burada müxtəlif tezlikli cərəyanlarla müalicə, infraqırmızı lampa, ultrabənövşəyi, mikrodalğa ilə müalicə, manual masaj, parafin aplikasiyası, hidroterapiya (burulğanlı, mirvari vannaları) otaqları, müalicəvi bədən tərbiyəsi zalı fəaliyyət göstərir. Bunlardan əlavə, uşaqların asudə vaxtlarını səmərəli keçirmələrinə, eləcə də qabiliyyət və bacarıqlarının inkişafına xidmət edən əmək terapiyası otağı da yaradılıb, autizm sindromundan əziyyət çəkən, eyni zamanda diqqət dağınıqlığı olan hiperaktiv uşaqların müalicəsində əvəzsiz rola malik multisensor terapiya müalicə otağı istifadəyə verilib. Cari il yanvarın 14-də mərkəzə xəstəliklərin daha dəqiq diaqnostikasına, effektiv müayinə və müalicəsinə imkan yaradan, tibbin ən müasir yeniliklərini özündə cəmləşdirən reabilitasiya avadanlıqları verilib. Həmin vasitələrin hər birinin istifadə imkanlarına qısaca nəzər yetirdikdə dövlətimizin sağlamlıq imkanları məhdud uşaqların səhhətinə necə həssaslıqla yanaşdığını, diyarımızda insan sağlamlığına verilən dəyər bir daha özünü bariz şəkildə göstərir. Elektroensefaloqrafiya cihazı epilepsiya xəstəliyinin diaqnostikasında tətbiq olunur. Universal trenajor aparatı isə boyun bölgəsi, gövdə və sərbəst hissə əzələlərinin xəstəliklərinə bağlı yaranan zəifliyin və kontrakturların aradan qaldırılması baxımından müalicəvi əhəmiyyətə malikdir. Velotrenajor avadanlığı 1-ci dərəcəli osteoartrozlar, aşıq-daban oynağı xəstəlikləri, aşağı ətrafların parezi, həmçinin profilaktik məqsədlə əzələləri gücləndirmək üçün tətbiq edilir. Bu məqamda, xüsusilə qeyd etmək yerinə düşər ki, innovativ işləmə mexanizminə malik bu avadanlıqlar həkimlərin işini xeyli asanlaşdırmaqla yanaşı, valideynlərdə övladlarının sağlamlığına ümid, inam hisslərini daha da gücləndirib. 
    Mərkəzə göndərişlər Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərindən, şəhər və rayon uşaq xəstəxanalarından qəbul olunur. Göndəriş əsasında mərkəzə gələn hər bir uşaq əvvəlcə ətraflı şəkildə müayinə olunur, daha sonra həkim-fizioterapevt tərəfindən onun üçün tərtib edilmiş fərdi tibbi reabilitasiya kitabçasında təyin olunmuş müalicə prosedurunun adı, tətbiq ediləcək nahiyə, prosedurun müddətinə dair qeydiyyatlar aparılır və gündəlik olaraq proseslərin düzgün yerinə yetirilməsinə həkim tərəfindən ciddi nəzarət edilir. Məlumat üçün bildirək ki, 2021-ci ildə 42-si stasionar, 237-si ambulator olmaqla, 279 sağlamlıq imkanları məhdud uşağın göndərişi qəbul edilərək lazımi müayinə və müalicələri yerinə yetirilib. Hazırda mərkəzdə 10-u ambulator, 7-si stasionar olmaqla, 17 sağlamlıq imkanları məhdud uşağın müalicəsi aparılır.
    Ümummilli lider Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” dəyərli kəlamını xatırladan Şəhla həkim deyir ki, sağlamlıq imkanları məhdudluğun yaranma səbəbi elmə tam şəkildə bəlli olmasa da, əsasən, genetik, anadangəlmə bir problem kimi dəyərləndirilir. Lakin buna baxmayaraq, valideynlərin məsuliyyətsizliyindən də erkən yaş dövründə uşaqda gələcəkdə böyük fəsadlara, sağlamlıq imkanları məhdudluğuna yol aça biləcək xəstəliklər yarana bilər. Onun üçün də, xüsusilə uşaqlara 0-2 yaş dövründə həssaslıq göstərilməli, balacalar mənfi təsir göstərən, diqqət dağınıqlığı, hərəkət məhdudiyyətliliyi, aqressivlik yaradan zərərli vərdişlərdən uzaq tutulmalıdır. Həyatımızın ayrılmaz parçasına çevrilən müasir texnologiyalar bir tərəfdən müsbət hal kimi dünyada gedən proseslərlə ayaqlaşmağımız üçün yararlıdırsa, digər yandan, xüsusilə də uşaqların orqanizminə, psixologiyasına zərərli təsir göstərir. Bildiyimiz kimi, bütün xəstəliklər erkən yaş dövründə müalicə edilirsə, effektivlik daha tez və böyük mənada özünü göstərir. Onun üçün valideynlərdən xahişimiz və onlara məsləhətimiz budur ki, övladlarının sağlamlıq imkanları məhdudluğu ilə bağlı kiçik də olsa, narahatçılıq hiss etsələr, çəkinmədən dərhal uşaq xəstəxanalarına müraciət etsinlər. 
    Mərkəzdə olduğum müddətdə övladlarının müalicə proseduru barədə valideynlərlə söhbət etməyi də unutmuram. Onlardan Əlvanə Quliyeva və Səlbinaz Allahverdiyeva dövlətimizin yaratdığı imkanlardan, tibbi personalın fəaliyyətindən razılıq edirlər: – Yaşadığımız bu fani həyatın hər anı bir sınaqdır. Bu sınaqlardan uğurla çıxmağa, düşərkən qalxmağı bacarmağa hər kəs müvəffəq ola bilmir. Tale elə gətirib ki, biz də övladlarımızın sağlamlığı sarıdan çətinliklərlə üzləşmişik. Övladımızın sağlamlıq imkanları məhdudluğu bizi üzsə də, dövlətimizin dəstəyi, diqqəti və qayğısı ürəyimizə inam hissini qazandırmaqla bizi ayaqda dik durmağa sövq etdi. Əvvəllər yaxın qohum-əqrəbadan barəsində müsbət fikirlər eşitdiyimiz üçün yubanmadan bu il avqust ayının 15-də göndəriş əsasında Uşaq Bərpa Mərkəzinə üz tutduq, buraya yeni, müasir reabilitasiya avadanlıqlarının verildiyini öyrənəndə müalicənin effektivliyinə inamımız daha da artdı. Artıq övladlarımız tam şəkildə müayinə olunaraq müvafiq müalicə kursuna cəlb ediliblər. Sağlamlıq imkanları məhdud uşaqların valideynləri adından yaradılan şəraitə görə dövlətimizə, qayğıkeş, həssas münasibət üçün isə mərkəzin tibbi heyətinə minnətdarlıq edirik.
    Mətbuat tariximizdə özünəməxsus yeri və rolu olan “Füyuzat” jurnalı yazırdı ki, uşaq xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı və ilahi əmanətdir. Bu gün Naxçıvan şəhərindəki Uşaq Bərpa Mərkəzinin tibbi personalı da xalqın, dövlətin ən qiymətli sərvətinin sağlamlığı naminə, ailə qalasının misilsiz sevinc qaynağının bərpası üçün əllərindən gələni əsirgəmir. Dövlətimizin bu xeyirxah missiyasının yerinə yetirilməsi işində onlara uğurlar diləyir, “Xəyalların, arzuların ümid tumurcuqlarından, cənnətin qoxusunu dünyada yayan güllərdən hər zaman bahar təravətli, könül oxşayan xoş rayihə gəlsin”, – deyirəm..

Nail ƏSGƏROV

Nəşr edilib : 01.09.2022 20:17