AZ EN RU

Ailə təsərrüfatlarının fəaliyyətlərinin səmərəli təşkilində soyuducu anbarlardan istifadə müstəsna rol oynayır

    Naxçıvan Muxtar Respublikasının ən böyük bölgəsi olan Şərur rayonunda ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində görülən tədbirlər davam etdirilir. Dövlət proqramlarının uğurlu icrası və həyata keçirilən tədbirlər nəticəsində inkişaf təmin olunub, daxili bazarlarda məhsul bolluğu yaranıb. Məhsul istehsalçılarının müasir kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı diqqət mərkəzində saxlanılıb. Bütün bunlar aqrar sahənin inkişafına öz müsbət təsirini göstərməkdədir. Hasilə gələn məhsulu vaxtında və itkisiz toplamaq mühüm şərt olduğu kimi, onun saxlanılması da məhsul bolluğunu şərtləndirir. Əhalinin bütün fəsillərdə faraş meyvə-tərəvəzlə təmin olunmasında soyuducu anbarların yaradılması mühüm yer tutur. Əkinçilik və bağçılıqla məşğul olan insanlar məhsullarını saxlamaq üçün soyuducu anbarlar da inşa etməyə üstünlük verirlər. Hazırda Şərur rayonunda 29 sahibkar tərəfindən inşa etdirilən və ümumi tutumu 8 min 830 ton olan 30 soyuducu anbar fəaliyyət göstərir. Həmin anbarlarda rayonun ailə təsərrüfatçıları tərəfindən yetişdirilən meyvə-tərəvəzlərlə bərabər yerli sakinlərin də həyətyanı sahələrindən və pay torpaqlarından tədarük etdikləri məhsullar saxlanılır. 
    Rayonda hansı təsərrüfata getsən, orada zəhmətkeş insanları görmək mümkündür. Ötən günlərdə rayona növbəti səfərimizdə Cəlilkənd kənd sakini Yaqub Tağıyevlə söhbətimiz zəhmətlə əkib-becərdiyi əkin sahəsinin kənarında baş tutdu:
    – Əlim iş tutandan əkib-becərməklə məşğul olmuşam, böyüklərimizdən məsləhətlər alıb, ilk dəfə 13 hektar torpaqda ailə üzvlərimizin köməyi ilə taxıl əkdim. İlk vaxtlar torpağa hələ yaxşı bələd deyildik deyə bəzən ilboyu çalışsaq da, istədiyimizə nail ola bilmirdik. Lakin ruhdan düşmədik. Torpağa alışdıq, təcrübəmiz artdı. Əbəs yerə atalarımız “Torpaq deyir: öldür məni, dirildim səni” söyləməyib. Şükür Allaha, çəkdiyimiz xərcin də, əməyin də qarşılığını ikiqat alırıq. Şəhərlərdə dükan-bazarların məhsullarla dolması, bol ruzi-bərəkət məhz torpaqlarımızın üzümüzə gülməsi sayəsindədir. Bu məhsullar zəhmətdən hasilə gəlir, əhalinin rifah halının yaxşılaşmasına öz töhfəsini verir. Kim istəsə kredit götürə, lizinq yolu ilə texnika ala bilir. Təsərrüfat suyumuz da boldur. Daim axarlı-baxarlı Arpaçay bizim ərazidən keçir. Belə şəraitdə çalışmamaq, torpaqdan uzaq düşmək tənbəl adamların işidir. Gördüyünüz bu sahədə kartof, soğan, taxıl əkmişdik. Çəkdiyimiz zəhmətin bəhrəsini toplayıb, yığımı yekunlaşdırıb yerində yenidən şum qaldırdıqdan sonra gübrə vermişik ki, yaz əkininə hazır olsun. Torpaq sahələrinin bir qismini icarəyə götürmüşəm. Burada 70-dən artıq işçi çalışır. İşçi sayı mövsümə görə dəyişir. Yaqub Tağıyev onu da bildirir ki, muxtar respublikada ailə təsərrüfatlarının inkişafına yaradılan münbit şəraitdən istifadə edib. İlk olaraq lizinq yolu ilə bir traktor alıb. Sonra isə topladıqları məhsulların uzun müddət saxlanılması üçün soyuducu anbar inşa etdirməyə qərar verib. Elə bu məqsədlə 2016-cı ildə Sahibkarlığın İnkişafı Fondundan 50 min manat kredit götürüb. Birinci 600, sonra isə 300 ton tutumu olan soyuducu anbar kompleksi inşa etdirib. Sahibkar onu da bildirir ki, soyuducu anbarların yaradılması həm məhsulları qış dövründə istehlakçıya çatdırmağa, həm də ixracı daha da artırmağa imkan verir. Bu anbarların hər biri yeni iş yerlərinin açılması ilə bərabər, həm də əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsində mühüm rola malikdir. Hazırda soyuducu anbarlarda 5 nəfərə yaxın işçi çalışır. Qonşu kəndlərdən də buraya məhsul gətirənlər var. Saxlanması üçün         7 ay müddətinə məhsulun hər kiloqramına 10 qəpik ödənilir. 

    Rayonun Yuxarı Aralıq kənd sakini zəhmət adamı Fəzail Ağayev də alın tərini torpağa qatan insanlarımızdandır. O, 20 ildir ki, ailə təsərrüfatı yaradıb. Onunla söhbətimizdə bildirdi ki, cari ildə 7 hektar sahədə kartof, 2 hektarda soğan, 1,7 hektarda kələm, 2,5 hektarda yerkökü və digər bitkilər əkib-becərib. Çəkilən zəhmət bəhrəsini verib. Ailə təsərrüfatının fəaliyyətinin genişləndirilməsi üçün 2 il bundan əvvəl dövlətdən 35 min manat kredit götürüb. Bunun da sayəsində torpaq sahəsini genişləndirərək 12 hektara çatdırıb. Həm də tutumu 300 ton olan soyuducu anbar inşa etdirib. Müsahibim deyir ki, əkin sahələrindən toplanılan məhsulun bir hissəsini bazara çıxarır, qalanını isə soyuducu anbarda saxlayır ki, digər mövsümlərdə də yarmarkaya məhsul çıxara bilsin. Həmsöhbətim maraqlı bir məqamdan da söhbət açdı. Bu mətləbi də oxucularımızla bölüşürük:
    – Müstəqilliyi yeni qazandığımız illərdə kəndlərimizdə sahibsiz qalan, əkilməyən torpaq sahələrinə baxanda adamın ürəyi ağrıyırdı. Ən adi məişət qayğıları məngənəsində əziyyət çəkən kənd adamları üzü şəhərə, nisbətən mədəni, mənəvi həyat ahəngi olan kəndlərə üz tutmuşdular. Boşalan belə yurd yerlərinin biçilməyən biçənəklərini, əkilməyən torpaqlarını fürsət gözləyən namərd qonşularımız gözaltı etmişdi. Amma indi bütün bu çətinliklər aradan qaldırılıb, həmin problemlər öz həllini tapıb, bir traktorun, kombaynın gündəlik işi, keçmişin aylarla çəkilən əzab-əziyyətini arxada qoyub. Artıq keçmişdə çəkdiyimiz çətinliklərdən əsər-əlamət belə yoxdur. Hətta bir zamanlar yaşadığımız çətinliklər övladlarımıza təəccüblü gəlir. Çünki bu gün ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması üçün görülən tədbirlər bəhrəsini verməkdədir.
    Həmsöhbət olduğumuz zəhmətkeşlərdən dinlədiklərimizdən və gördüklərimizdən belə qənaətə gəlmək olar ki, hazırda muxtar respublikamızda fəaliyyət göstərən onlarla ailə təsərrüfatı gələcəyin sahibkarlarına çevrilib, kənd təsərrüfatının inkişafına öz töhfələrini verməklə yanaşı, həm öz ailələrinin, həm də bir çox ailələrin firavan həyat sürmələrinə şərait yaradacaqlar. Bir sözlə, muxtar respublikamızda insanların rifah halının yaxşılaşdırılması üçün yaradılan hərtərəfli şərait qədim yurdun sakinlərinin ömrünün hər gününə rahatlıq gətirir. İstər qızmar yayda, istərsə də sərt qış aylarında bu qədim yurd yerində yaşamağa, yaratmağa dəyər. 

Ramiyyə ƏKBƏROVA ​​​​​​​

Nəşr edilib : 20.12.2022 19:28