AZ EN RU

Ailə Təsərrüfatları İctimai Birliyi təsərrüfat subyektləri arasında əlaqələndirici rol oynayır

Mübariz Şirəliyev: ailə təsərrüfatlarının sayının artması bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır

    Ailə təsərrüfatları modeli bu gün muxtar respublikada əhali məşğulluğunun ən geniş yayılmış formalarından biridir. Son illərdə bu cür  təsərrüfatların sayının artması onlar arasında koordinasiyanı da zəruri edir. 2019-cu ildə yaradılmış Ailə Təsərrüfatları İctimai Birliyi də məhz buna əsaslanır. Bəs bu gün adıçəkilən birlik ailə təsərrüfatları arasında hansı funksiyaları həyata keçirir?Müsahibimiz Ailə Təsərrüfatları İctimai Birliyinin sədri Mübariz Şirəliyevdir:

    – Mübariz müəllim, xoş gördük sizi. Artıq sualı ünvanlamışıq, buyurun, cavabı sizdən eşidək.
    – Mən də qəzetiniz vasitəsilə bütün oxucuları salamlayıram. Suala cavab verməzdən əvvəl qeyd etmək istərdim ki, muxtar respublikamızda ailə təsərrüfatlarının ildən-ilə sayının artması, ilk növbədə, dövlətin bu sahəyə olan böyük dəstəyi ilə bağlıdır. Bildiyiniz kimi, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr və 2019-cu il 18 yanvar tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər planlarının təsdiq olunması ailə təsərrüfatlarının fəaliyyəti üçün daha geniş imkanlar açıb. Qarşıya qoyulan vəzifələrin icrasına uyğun olaraq Ailə Təsərrüfatları İctimai Birliyi yaradılıb. Və doğru qeyd etdiniz ki, Ailə Təsərrüfatları İctimai Birliyi ailə təsərrüfatları arasında əlaqələndirici rol oynayır. İstər təsərrüfatın yaradılması və yaxud məhsulun istehsal və satış mərhələsində ortaya çıxan məsələlərin həllində təsərrüfat sahiblərinə müəyyən köməkliklər etməyə çalışırıq. Köməyimiz də, əsasən, təsərrüfatçılar arasında müxtəlifsəpkili maarifləndirici görüşlər təşkil etmək, onların qayğıları ilə maraqlanmaq, dövlət qurumları ilə ailə təsərrüfatları arasında əlaqələri təmin etməkdir. 

    – Hazırda muxtar respublikada nə qədər ailə təsərrüfatı fəaliyyət göstərir? 
    – Qeyd edim ki, muxtar respublikamızda ailə təsərrüfatlarının sayı hər keçən gün daha da artır. Hazırda istehsal və emal fəaliyyəti ilə məşğul olan ailə təsərrüfatlarının sayı 1238-dir .
    – İstənilən biznes subyektinin ilkin mərhələdə az və ya çoxluğundan asılı olmayaraq, maliyyə vəsaitinə ehtiyacı olur. Elə buradan belə bir sual yaranır ki, ailə təsərrüfatları dövlətin maliyyə dəstəyindən necə yararlanırlar? Ümumiyyətlə, ailə təsərrüfatlarının maliyyə qurumlarına çıxışı necə təmin olunub? 
    – Əvvəldə də qeyd etdiyimiz kimi, dövlət bu sahənin inkişafında maraqlıdır. Buna görə də bu gün muxtar respublikada fəaliyyət göstərən istənilən ailə təsərrüfatının maliyyə mənbələrinə çıxışı çox yüksək səviyyədə təmin olunur. Əgər təsərrüfatçı öz təsərrüfatını yaratmaq və yaxud mövcud fəaliyyətini genişləndirmək istəyirsə, bu sahədə heç bir problem yoxdur. Bu, təsərrüfatçının birbaşa özü və ya bizim vasitəmizlə də mümkündür. Konkret olaraq rəqəmlərə gəldikdə, 2021-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 76 ailə təsərrüfatına 1 milyon 221400 manat dövlət maliyyə dəstəyi göstərilib. 
    – Mübariz müəllim, muxtar respublikada istehsal olunan məhsulların ixracı prioritet məsələlərdən biridir. Ümumiyyətlə, ailə təsərrüfatlarının ixracyönümlü məhsul istehsalına marağı necədir? Bilirsiniz ki, söhbət kənd təsərrüfatı məhsullarının ixracından gedirsə, burada məhsulların emalı da mühüm əhəmiyyət daşıyır.  
    – Bəli, kənd təsərrüfatı məhsullarının həm birbaşa, həm də emal olunaraq satışı mümkündür. Sizin də bildiyiniz kimi, kənd təsərrüfatı məhsullarının həm emalı, həm də ixracının stimullaşdırılması üçün yeni Dövlət proqramı da qəbul olunub. Burada əsas məsələlərdən biri məhsulun uzunmüddətli satışına nail olmaqdır ki, bu da emalsız mümkün deyil. Sevindirici haldır ki, bu gün Naxçıvanda meyvə-tərəvəzin  qurudulması, onlardan bir sıra qablaşdırılmış məhsulların (mürəbbə, kompot, cem və sair) hazırlanmasında çoxsaylı ailə təsərrüfatları iştirak edir. Və yaxud son illərdə üzümçülüyün inkişafı müxtəlif şərab məhsullarının istehsalına imkan verib. Hazırda istehsal olunan belə məhsulların Naxçıvandan kənarda, xüsusilə paytaxt Bakıda satışı təşkil olunur. Bu o deməkdir ki, məhsullarımız daxili bazarı ödəyir, bizim isə qarşımızda əsas məqsəd məhsullarımızı ölkə xaricinə çıxarmaqdır. Düşünürəm ki, bunun bir az da zamana ehtiyacı var. Ancaq sizə bir misal da çəkə bilərəm bununla bağlı. Məsələn, ötən il biz qarğıdalı sahələrindən yaxşı məhsul əldə etmişdik. Şəxsən mən özüm də xeyli sahədə qarğıdalı əkmişdim. İş elə gətirdi ki, muxtar respublikada bu məhsul üzrə bolluq yarandı və biz əlaqədar dövlət orqanları ilə əlaqə saxlayaraq əlimizdə olan məhsulu ixrac etməyə qərar verdik. Beləliklə, bütün işlər tamamlandıqdan sonra 555 tona yaxın qarğıdalını Türkiyə Respublikasına ixrac etdik.
    – Yeri gəlmişkən siz bir məsələni də yadıma saldınız. Daxili bazarın ehtiyacını ödəmək əsasdır, digər tərəfdən xarici bazarlara çıxışı təmin etmək də göründüyü kimi asan deyil. Çünki hər bazarın öz tələbi var. Məsələn, bu gün biz ölkə olaraq Azərbaycan məhsullarını Rusiya bazarlarına rahat çıxara bilirik, amma Avropa bazarları üçün tamam başqa tələblər mövcuddur. Doğrudur, biz məhsullarımızın keyfiyyətini, insan sağlamlığına əhəmiyyətini gözəl bilirik, hətta bu keyfiyyətlə istənilən ölkənin məhsulları ilə yarışa da girə bilərik. Ancaq qeyd etdiyim kimi, bunu yalnız biz bilirik, digərlərinə çatdırmaq üçün müxtəlif proseslərdən keçməliyik. 
    – Tamamilə doğrudur, buna görə də Ali Məclisin Sədri daim öz çıxışlarında rəqabətqabiliyyətli məhsul istehsalının vacibliyini vurğulayır. Heç şübhəsiz ki, zamanla ailə təsərrüfatlarımızda istehsal peşəkarlığı ilə yanaşı, onları dünya bazarında mövqeləndirə biləcək ticarət səriştəliliyi də formalaşacaq.
    – Ailə təsərrüfatları tərəfindən sizə hansısa təşəbbüslərlə müraciət edənlər olurmu?
    – Bizə müraciətlər, təbii ki, olur. Bu, təşəbbüs formasında da olur, eyni zamanda məsləhət almaq istəyənlər də az deyil. İxtisasca aqronom olduğuma görə təsərrüfat sahiblərinə bu istiqamətdə daha yaxından kömək etməyə çalışıram. Ancaq işlərimiz bununla bitmir, ictimai birlik olaraq daim muxtar respublika rəhbəri tərəfindən qarşımıza qoyulan tapşırıqların təsərrüfat sahiblərinə çatdırılması, onların bu və ya digər istiqamətlərdə maarifləndirilməsi də görülən işlər sırasındadır. Buna nə qədər nail oluruq? – bu, artıq zamanın işidir. 
    – Sizə sonda belə bir sual vermək istərdim: ailə təsərrüfatı məhsullarını turistlərə necə sata bilərik?
    – Ailə təsərrüfatı məhsulları bu gün muxtar respublikanın bütün ticarət obyektlərində satılır. Düşünürəm ki, Naxçıvana gələn turistlər də bu məhsullardan alıb istifadə etmək istəyər...
    – Bu, təbiidir, ancaq mənim demək istədiyim odur ki, necə etməliyik ki, turistlər bu məhsullardan alıb öz ölkələrinə aparsınlar.
    – Hesab edirəm ki, bunun ticari baxımdan yaxşı təbliğatını aparmalıyıq.
    – Yəni marketinqini düzgün qurmalıyıq?
    – Bəli, bir az bundan əvvəl də buna bənzər fikir səsləndi: məhsulumuz keyfiyyətli ola bilər, əslində, keyfiyyətlidir də, ancaq bunu qarşı tərəfə çatdırmağı bacarmaq lazımdır.
    – Suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm.

Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 26.04.2022 19:37