AZ EN RU

“Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi çərçivəsində növbəti təlim keçirilib

    İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyələşdirdiyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi çərçivəsində növbəti “Sahibkar ol!” təlimi keçirilmişdir.
    Təlimdən əvvəl çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirmişdir ki, muxtar respublikada dövlət qadın siyasətinin tərkib hissəsi kimi qadınların məşğulluqlarının təmin olunması ilə əlaqədar məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, müvafiq sahə ilə bağlı Dövlət proqramı qəbul olunur. Həmçinin qadınların sahibkarlıq fəaliyyətinin inkişafı, ailə təsərrüfatlarının qurulması və istedadlı qadınların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə güzəştli şərtlərlə kreditlər və müvafiq olaraq aktivlər verilir. Bunun nəticəsidir ki, sahibkar və ailə təsərrüfatçısı qadınların sayı artır. 
    Qeyd olunub ki, müxtəlif yarmarka və festivallarda qadınların əl işlərindən ibarət sərgi-satışlar qadınların məşğulluqlarının təmin edilməsinə, ailə büdcələrinin yaxşılaşdırılmasına əsaslı təsir göstərirdisə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq qadınların hazırladıqları əl işlərinin muxtar respublikanın turizm mərkəzlərində səyyar sərgi-satışlarının təşkil edilməsi bu istiqamətdə atılan daha bir mühüm addım olacaqdır. 
    Bildirilmişdir ki, əvvəlki sosial layihələr kimi, yeni layihənində icrası uğurla davam etdirilir. Bu sosial layihə çərçivəsində qadınların məşğulluqlarının təmin edilməsi istiqamətində təşkil olunmuş təlimlərdə 60-dan artıq qadın iştirak etmişdir.
    Ramilə Seyidova muxtar respublika qadınlarına göstərdiyi diqqət, qayğı və dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirmişdir.
    Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova çıxış edərək layihə çərçivəsində keçirilən “Sahibkar ol!” təlimi haqqında layihə iştirakçılarına ətraflı məlumat verərək qadınlar üçün təşkil olunan təlimlərin onların maliyyə savadlılığı ilə bağlı bilik və bacarıqlarının artırılmasına, gələcək bizneslərinin inkişafına əhəmiyyətli təsir göstərəcəyinə əminliyini ifadə etmişdir. Vurğulanmışdır ki, təlimin əsas məqsədlərindən biri qadınlara sahibkarlıq haqqında əsas anlayışlar, bu sahədə onların bilik və bacarıqlarının təhlili, eyni zamanda uzunmüddətli gəlirgətirən sahələri yaratmaq üçün biznes təşəbbüslərin ortaya qoyulmasına imkan yaratmaqdır. Sonra layihə rəhbəri Sevinc Rüstəmova “Sahibkar ol!” təliminə start vermişdir.
    Təlimdə sahibkarlıq fəaliyyətinin vacibliyi, uğurlu biznes planlaşmasının mərhələləri, biznes ideyalarının təşviq edilməsi, marketinq planlarının hazırlanması, lazım olan resurslar, sərmayə kapitalının maliyələşdirilməsi və biznes planlarının hazırlanması ilə bağlı qadınlara ətraflı məlumat verilmişdir. Təlim qarşılıqlı diskussiya şəklində keçirilmiş, qadınlar tərəfindən maraqla qarşılanmış və hər bir qadın fəaliyyət istiqamətlərinə görə  biznes planı hazırlamışdır. 
    Təlimin sonunda layihədə iştirak edən qadınlara sertifikatlar təqdim olunmuşdur. 
    Layihə iştirakçısı Aynurə Allahverdiyeva və Xuraman Seyidova onlara göstərilən  diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və
 Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 17.06.2022 18:09