AZ EN RU

Açıq Səma Altında Muzeyin yaradılmasının 20 illiyi qeyd olunub

    Dünən Açıq Səma Altında Muzeyin yaradılmasının 20 illiyi münasibətilə tədbir keçirilmişdir.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov çıxış edərək bildirmişdir ki, xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixi və mədəniyyətinin inkişaf yolunu əks etdirən muzeylər ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Azərbaycanda muzey işinin inkişafı, muzeylər şəbəkəsinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hələ ötən əsrin 70-ci illərindən başlayaraq muzey işinin inkişafına böyük qayğı göstərmiş, ölkəmizin bütün bölgələrində nadir sənət incilərinin və milli sərvətlərin qorunduğu və nümayiş etdirildiyi yeni muzeylərin yaradılmasının təşəbbüskarı olmuşdur.
    Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət mədəniyyət siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli-mədəni irsimizin qorunması dövlət əhəmiyyətli prioritet vəzifə kimi daim ön planda saxlanılır.
    Qeyd olunmuşdur ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının ərazisi xalqımızın min illər ərzində yaratdığı zəngin maddi mədəniyyət nümunələri, daş qoç heykəllər, qədim qalalar, qayaüstü təsvirlər, yüksək memarlıq xüsusiyyətləri ilə seçilən abidələrlə zəngindir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada tarix-mədəniyyət abidələrinin qorunması, onların bərpası və konservasiyası son illər ərzində geniş vüsət almış, abidələrin yeri və tarixi dəqiqləşdirilmiş, onların tədqiqi istiqamətində çoxsaylı elmi araşdırmalar aparılmış, çoxsaylı kitab, monoqrafiya və ensik­lopediyalar nəşr olunmuşdur.
    Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyul tarixli Sərəncamı ilə yaradılan Açıq Səma Altında Muzey mədəni irsimizin mühüm tərkib hissəsi olan daşdan yonulmuş mədəniyyət nümunələrinin qorunub saxlanılması, öyrənilməsi və təbliği işində əvəzsiz rol oynayır. Hazırda “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin tərkibində fəaliyyətini davam etdirən muzeyin ekspozisiyasında nümayiş olunan qoç heykəllər, daş kitabələr, qəbirüstü abidələr, daşdan hazırlanmış müxtəlif təyinatlı məişət əşyaları tamaşaçıda xalqımızın dini inancları, dünyagörüşü, estetik zövqü haqqında dolğun təsəvvür yaradır.
    Həsən Kərimov tariximizə, mədəniyyətimizə, muzey işinin inkişafına göstərilən böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.
    Sonra “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru Nəzakət Əsədova muzeyin fəaliyyət tarixi ilə bağlı  çıxış edərək geniş məlumat vermişdir.
    Sonda muzeyin ekspozisiyasına baxış olmuşdur. 

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 08.07.2022 19:50