AZ EN RU

Açıq Səma Altında Muzey: qədim diyarımızın zəngin tarixinin fəal təbliğatçısı

    Muzeylər maddi mədəniyyət dəyərləri ilə bütün dövrlərin yaşam tarixinin məsuliyyətini addım-addım, pillə-pillə üzərlərində daşıyan mühüm strateji obyektlərdir. Muzey sərvətlərinin hər birində nəsil-nəsil insanın, bütöv bir xalqın varlığı duyulur, illərdən-illərə, əsrlərdən-əsrlərə yadigar qalan qiymətli sərvətlər insanoğlunun taleyini, əbədiləşmiş varlığını özündə yaşadır. Bu mənada, muzeylər əvəzsiz mənbələr hesab olunur. Belə muzeylərdən biri də Naxçıvan şəhərində Əcəmi seyrəngahında təşkil olunan Açıq Səma Altında Muzeydir.

    Açıq Səma Altında Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyul tarixli Sərəncamı əsasında yaradılmışdır. Milli-mənəvi və mifoloji-dini baxışlarla əlaqələndirilərək muxtar respublikamızın müxtəlif bölgələrindən əldə olunan daş eksponatlar əsasında yaradılan və hazırda 2,5 hektara yaxın ərazini əhatə edən bu mədəniyyət müəssisəsində 220-dən artıq daş abidə qorunub saxlanılır və ekspozisiya vasitəsilə nümayiş etdirilir. Ekspozisiyada dörd qrup qiymətli və unikal daş abidələr – eksponatlar yerləşdirilmişdir ki, bu eksponatların əsasını inşaat işlərində istifadə olunan sütunlar, sütun başlıqları və altlıqları, dekorativ üzlüklər, məişətdə istifadə olunan dəstərlər, şirəsüzənlər, daş dibəklər və beş ton ağırlığında olan dəyirman daşı, həmçinin dini inanclarımızla bağlı sənduqələr, qoç heykəlləri, məzar daşları, təbiətdən hazır əldə olunan zoomorf fiqurlar və bəndlər, eyni zamanda qayaüstü təsvirlər təşkil edir. Ekspozisiyada yerləşdirilən bütün bu eksponatlar AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları tərəfindən araşdırılmış və müxtəlif tarixi dövrlərə aid olduğu müəyyənləşdirilmişdir. Eksponatların qorunması, təbliğ olunması məqsədilə muzeydə münbit şərait yaradılmış, eksponatların bəziləri ekspozisiyanın divar taxçalarına, bir qismi ekspozisiyaya, bir ədəd eksponat – Gəmiqaya abidəsi isə şüşəli vitrinə yerləşdirilmişdir. Bütövlükdə, muzeyin mühafizəsi ilə əlaqədar ekspozisiyanın ətrafına dəmir məhəccərlər vurulmuşdur.

    Daş abidələrimizdə yaşanan tarix qədim soydaşlarımızın dünyanın inkişaf tarixinə hərtərəfli böyük töhfələr verdiyini, bəşər mədəniyyətlərinin, sivilizasiyalarının qurulmasında xalqımızın xüsusi yeri və rolu olduğunu ortaya qoyur. Tariximizin şanlı səhifələrini zənginləşdirən bu abidələr sirli-sehrli tarixləri ilə bərabər, muzeyi ziyarətə gələn hər bir qonağı, tamaşaçını düşünməyə məcbur edir. Daşlarda, qayalarda o insanlar tarix yarada bilmişlər ki, onların isinməyə isti ocağı, ayaq basmağa doğma torpağı olmuşdur. Bu cəhətdən xoşbəxt nəsillərik ki, göz açandan dədə-babalarımızın bizlərə miras qoyduqları ulu torpaqlarımız, şiş zirvəli vüqarlı dağlarımız, daş nemətlərimiz hesabına bu gün də nəsil davamçılarımız yeni tarixlər yaradır, göz bəbəyi kimi onu qoruyur və mühafizəsinin keşiyində dayanırlar. 
    Muzeyin bütün fəaliyyəti dövründə xidməti vəzifəsi yeni insan tərbiyəsi, hərtərəfli inkişafı və xalqın tarixi mədəniyyətinin sevilməsi işinə yönəldilmiş, elmi maarifçilik və kütləvi tədbirlərin təşkilinə, ekskursiyaların, sərgilərin, açıq dərslərin keçilməsinə, təhsil və elmi-tədqiqat müəssisələri ilə əlaqələrin möhkəmləndirilməsinə diqqət artırılmışdır. 

    20 illik xidməti müddətində muzeyin geniş tamaşaçı auditoriyası olmuş, Azərbaycanın müxtəlif bölgələrindən, muxtar respublikamızın rayon və şəhərlərindən, həmçinin dünyanın Azərbaycanla siyasi, iqtisadi-mədəni əlaqələri olan bir çox ölkələrindən, eləcə də ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin konsulluqları, fövqəladə və səlahiyyətli səfirlikləri və beynəlxalq təşkilatlardan 2 milyona yaxın tamaşaçı fərdi və qrup halında, kollektiv və turist heyətlərinin tərkibində qonaq qismində muzeydə olmuş, qardaş Türkiyə Respublikasından tutmuş, Avrasiya qitəsi ölkələrindən Naxçıvana səfər edənlər gəzinti marşrutlarına Açıq Səma Altında Muzeyi də daxil etmişlər. Tanışlıq müddətində qonaqlar qədim əcdadlarımızın yaratdıqları daş mədəniyyətimiz, tariximiz haqqında zəngin məlumatlar əldə etmişlər. 
    Muzeylərin nüfuzunun artırılması, cəmiyyətdə yerinin müəyyən olunmasında dövlət səviyyəsində görülmüş tədbirlərə dəstək olaraq muxtar respublikamızda da mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamından sonra qrafiklər üzrə bütün ali və dövlət orqanlarının, müəssisə və təşkilatların kollektivləri digər muzeylərimiz kimi Açıq Səma Altında Muzeyi də ziyarət edirlər. Ekskursiya çərçivəsində həm muzeylə, həm də ulu tariximizlə yaxından tanış olmaları, onlar haqqında geniş məlumat əldə etmələri insanlarımızda Azərbaycançılıq məfkurəsinin, milli təfəkkürümüzün formalaşmasında və möhkəmləndirilməsində mühüm rol oynayır.

    Muzey, eyni zamanda fəaliyyəti ilə maarifçilik və elmi təcrübə məktəbi funksiyasını da yerinə yetirməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı mühüm proqram sənədi olmaqla muzey praktikasının geniş yayılmasına, muzeylərin imkanlarından istifadə edilərək yeni kadrların və ixtisaslı mütəxəssislərin yetişdirilməsi işinə xüsusi imkanlar açır. Bu cəhətdən Naxçıvan Dövlət və “Naxçıvan” universititetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun və orta ixtisas təhsil müəssisələrinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrinin muzeydə elmi təcrübələrə cəlb olunması, praktik və nəzəri cəhətdən muzey işinin sirləri haqqında məlumatlandırılmaları yeni muzey kadrlarının hazırlanmasında mühüm vəzifələrdən biri hesab olunur. Elmi təcrübə muzey işçilərinin də öz üzərlərində ciddi işləmələrinə, bilik və bacarıqlarının artırılmasına, maarifləndirmə vərdişlərinin metodikasının təkmilləşdirilməsinə xidmət etmişdir.
    Naxçıvanın qədim tarixinin, mədəniyyətinin, memarlıq abidələrinin, dövlətçilik əsaslarının öyrənilməsi və tanıdılmasında Açıq Səma Altında Muzeyin xüsusi rolu vardır. Muzeyin ekspozisiyasındakı daş eksponatlar daş dövründən ta ki, XX əsrin ortalarınadək həm cəmiyyətin, həm də Azərbaycanda yaranan dövlətçilik ənənələrinin tarixinə dair qiymətli faktların üzə çıxarılmasında, tarixi həqiqətlərin aydınlaşdırılmasında olduqca əhəmiyyətli mənbələrdən hesab edilir. Gəmiqaya abidəsi o dövr insanlarının inanclarını, astral və mifoloji təsəvvürlərini, kainat haqqında bilgilərini özündə cəm etməklə həm də Nuh tufanının izlərini xatırladır. Həmçinin orta əsr qüdrətli Atabəylər dövlətinin, Ağqoyunlu, Qaraqoyunlu dövlətlərinin, möhtəşəm Səfəvi dövlətinin, Xanlıqlar və müasir dövr tariximizin böyük sirləri daş kitabələrdə, süjetli təsvirlərdə, həndəsi və ornament bəzəklərində qorunub saxlanılmışdır ki, biz nəsillərə bu gün də sanki ecazkar sirli bir dünya hədiyyə edilmişdir.
     Tariximizin, mədəniyyətimizin təbliğində əhəmiyyətli yeri olan Açıq Səma Altında Muzeyin fəaliyyət tarixində yaddaqalan bir sıra məqamlar olmuşdur ki, bunlar da bu mədəniyyət müəssisəsinin fəaliyyətinə ciddi təsir göstərmiş, muzeyin nüfuzunun artırılmasına xidmət etmişdir.
    1997-ci ildə ictimai əsaslarla yaradılan Möminə xatın türbə muzeyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi Açıq Səma Altında Muzeyin tabeliyinə verilməklə strukturunda dəyişiklik edilmiş, 2013-cü ilin may ayında muzeyin yeni Əsasnaməsi təsdiq edilmişdir. Əsasnamədə Açıq Səma Altında Muzeyin fəaliyyəti və vəzifələri müəyyənləşdirilmiş, qədim qoç heykəllərin, eləcə də daşdan yonulmuş müəyyən fiqurların toplanılmasını, komplektləşdirilməsini, mühafizəsini, öyrənilməsini, kütləvi nümayişi və təbliğini həyata keçirən mədəniyyət, elmi-tədqiqat müəssisəsi kimi təsbit olunmuşdur.
    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli Qərarı, nazirliyin isə 2013-cü il 19 iyul tarixli əmri ilə Nuh Peyğəmbərin qəbirüstü abidəsi Açıq Səma Altında Muzeyin balansından çıxarılmış və həmin dövrdə yaradılan “Naxçıvanqala”, Tarix-Memarlıq Muzeyinin tabeliyinə verilmişdir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasındakı muzeylərin fəaliyyətinin tənzimlənməsi haqqında” 2015-ci il 2 fevral tarixli Sərəncamından sonra isə Açıq Səma Altında Muzey, “Xan Sarayı” Dövlət-Tarix Memarlıq Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin tərkibinə verilmiş və bu gün də kompleksin tabeliyində fəaliyyətini uğurla davam etdirir.
    Bu illər ərzində Naxçıvan şəhərində keçirilən yerli və beynəlxalq əhəmiyyətli bir çox tədbirlərin, milli bayramlarımızın, o cümlədən “Startap” idman oyunlarının, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalının, Musiqi Festivalının muzeyin ərazisində keçirilməsi tariximizin layiqli təbliğatçısı olan bu mədəniyyət müəssisəsi və daş abidələri ilə yaxından tanışlıq baxımından önəmli hesab olunur.
    Muzeydə “Milli dəyərlər ili”, “Heydər Əliyev ili”, “Muxtariyyət ili” və digər mühüm tarixi illər və tarixi günlər ilə əlaqədar, o cümlədən Beynəlxalq Tarixi Abidələr və Yerlər, Beynəlxalq Muzeylər Günü, Milli Qurtuluş Günü və təqvimdə qeyd olunan digər mühüm günlərlə bağlı elmi-təcrübi konfranslar, açıq dərslər keçilmiş, sərgilər təşkil edilmiş, “Daş abidələrimiz”, “Qoç heykəllərimiz”, “Daşlarda yaşanan tariximiz”, “Heydər Əliyev irsi və muzeylərimiz” mövzusunda mühazirələr oxunmuşdur. Muzeyin tanıdılmasında informasiya və mətbuat orqanlarının da xüsusi rolu olmuşdur. 
    Muzey işi yaradıcı, maarifləndirici, tərbiyəedici bir işdir. Muzeyin əməkdaşları mütəmadi olaraq elmi ədəbiyyatları araşdırır, ensiklopedik nəşrləri öyrənir, əldə olunan yeni faktlar əsasında yerli və ölkə mətbuatında – “Şərq qapısı”, “Nuh Yurdu”, “Azərbaycan” və digər qəzetlərin müxtəlif nömrələrində Açıq Səma Altında Muzeyin fəaliyyəti ilə əlaqədar məqalələr dərc etdirir, daş eksponatlarımızın tarixi ilə bağlı maraqlı məlumatlar geniş oxucu kütlələrinə çatdırırlar.
    Mətbuatla bərabər həm də digər kütləvi informasiya vasitələrində müxtəlif proqramlara muzeyin əməkdaşları müsahibələr vermiş, dəvət olunduqları verilişlərdə daş abidələrimiz haqqında çıxışlar etmişlər. Muxtar respublikamızla yanaşı, ölkəmizin də əksər tanınmış televiziya kanalları, AZAL-ın “Buta” jurnalının çəkiliş qrupu “PONORAM AZƏRBAYCAN” şirkəti tərəfindən PORTAL “Virtual Naxçıvan” layihəsi əsasında Fransanın “Evronews” kanalının əməkdaşları Qolina Polonskaya və Pol Tunin Açıq Səma Altında Muzeydə videosüjetlər, ATV “Ləziz macəra” verilişi üçün yerli və özəl kanallar çəkilişlər aparmışlar.
    Tariximizin və qədim mədəniyyətlərimizin təbliğində əcnəbi KİV-lər də mühüm rol oynamışlar. Qardaş Türkiyə Respublikasının TRT-1, TRT-2, TRT-Avaz, TRT-A, TRT-D, TRT-Ərəbcə, Rusiya TV kanal portalları tərəfindən muzeydə geniş videoçəkilişlər aparılmış, əməkdaşlardan müsahibələr alınmış, hazırlanmış maraqlı proqramlar həmin kanallar vasitəsilə yayımlanmışdır. Əcnəbi ölkələrin televiziya verilişlərində yayımlanan həmin materiallar qədim Naxçıvanımızın tarixinin və zəngin mədəniyyətinin tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.    

    Bir sözlə, bu gün muxtar respublikamızda fəaliyyət göstərən bütün muzeylərimiz kimi, Açıq Səma Altında Muzey də “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin tərkibində özünün milli dəyərlərimi, tariximizi qoruyub yaşatmaq və təbliğ etmək funksiyasını uğurla davam etdirir.

Nəzakət ƏSƏDOVA
 “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və 
Açıq Səma Altında Muzey Kompleksinin direktoru,
 Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi

Nəşr edilib : 03.08.2022 18:29