AZ EN RU

Açıq dərs keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Müəllimlər İnstitutunun müvafiq ixtisas üzrə bir qrup tələbələrinin iştirakı ilə Naxçıvan kitabxanalarının təşəkkülü və  inkişaf tarixi mövzusunda açıq dərs keçirilmişdir.  

Dərsi giriş sözü ilə açan mərkəzin elmi katibi Nihad Tarverdiyev bildirib ki  kitabxanalar xalqımızın tarixi-mədəni, ədəbi və elmi irsinin toplanıb saxlanmasında, gələcək nəsillərə ötürülməsində və biliklərin yayılmasında əvəzsiz rola sahibdir. Azərbaycanda müxtəlif tipli kitabxana-informasiya şəbəkəsinə malik olan kitabxanalar mövcuddur. Ölkədə kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən texnologiya və proqram məhsulları ilə təmin edilməsi istiqamətində mühüm tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasında mədəni maarif müəssisələri arasında kitabxanalar xüsusi əhəmiyyətə malikdir və dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır.     

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudova  çıxış edərək qeyd etmişdir ki, müasir dövrdə kitabxanalar yeni inkişaf mərhələsinə qədəm qoyub. Buna görə də kitabxanalar xidmət prosesini həm abonoment, həm də oxu zallarının köməyi ilə həyata keçirərkən yalnız oxucuların konkret sorğularını ödəməklə kifayətlənmir, həm də onları cəmiyyətdə baş verən yeniliklərlə maraqlanmağa istiqamətləndirir. Kitabxanaların modernləşdirmə prosesinin sürətləndirilməsi, məlumat baza bankının yaradılması, texniki resursların artırılması, beynəlxalq elektron sisteminə keçid, müasir şəraitdə ölkəmizin kitabxana sistemində oxuculara yeni xidmət növü-informasiya xidməti növünü yaratmışdır. Müasir kitabxanalarımızın informasiya texnologiyaları ilə təmin edilməsi sahəsində dövlət xeyli tədbirlər görür. Kitabxanaların internet şəbəkəsinə qoşulması, xidmət prosesində elektron sənədləri və kataloqları, elektron poçtu və sair informasiya texnologiyasının tətbiqini təmin edən tədbirlər həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafi üzrə Dövlət Proqramı” isə bu sahədə əsaslı islahatların aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsini, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsini, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir. Bütün bunlar mədəniyyət sahəsində dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında  elm və təhsilin inkişafına göstərilən dövlət qayğısının ən ümdə göstəricisi kimi M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika elektron kitabxanasını, Naxçıvanşünaslıq Mərkəzinin elektron kitabxanasını, Naxçıvan Dövlət Universitetinin elektron kitabxanasını, AMEA Naxçıvan Bölməsinin elektron kitabxanasını və Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxanasını göstərmək olar.

Sonda elmi katib tələbələrə mərkəzdə təşkil edilən kitab sərgiləri haqqında məlumat vermişdir.

       Xəbərlər şöbəsi

Nəşr edilib : 23.09.2022 17:47