AZ EN RU

Açıq dərs dahi Azərbaycan şairi Hüseyn Cavidə həsr olunub

    Naxçıvan Dövlət Universitetinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin hamiliyinə verilmiş Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “Ədəbiyyatımızın əbədi sənətkarı” adlı açıq dərs keçilib.
    Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində keçilən açıq dərsdə giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Gülbuta Babayeva bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının 2022-2023-cü tədris ilində icrası məqsədilə keçilən açıq dərsin Hüseyn Cavidə həsr olunması təsadüfi deyil. XX əsr Azərbaycan poeziyasının böyük ədəbi simalarından biri, romantik poeziyamızın ölməz korifeyi, qədim Naxçıvan torpağının XX əsr Azərbaycan ədəbiyyatına bəxş etdiyi qüdrətli sənətkar Hüseyn Cavidin anadan olmasından 140 il ötür. 
    Qeyd olunub ki, dövlət səviyyəsində şairin 120, 125, 130, 135 illik yubiley tədbirləri keçirilib. Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamına əsasən 24 oktyabr – şairin anadan olduğu gün “Poeziya günü” kimi qeyd edilir.
    Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il sentyabrın 24-də imzaladığı Sərəncama və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”na əsasən qədim diyarımızda Hüseyn Cavidin 140 illiyi yüksək səviyyədə təşkil olunmuş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində muxtar respublikanın ümumtəhsil məktəbləri ilə interaktiv dərs keçilmiş, müxtəlif tədbirlər təşkil edilmiş, Naxçıvan Dövlət Milli Dram Teatrında Hüseyn Cavidin “Topal Teymur” əsəri tamaşaya hazırlanmışdır.
    Açıq dərsdə Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinin baş fond mühafizi-elmi işçisi Naibə Mirzəyeva “Ədəbiyyatımızın əbədi sənətkarı” mövzusunda çıxış edib, mövzu ilə bağlı müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.
    Sonda isə tələbələr muzeyin ekspozisiyasında Hüseyn Cavid guşəsi ilə tanış olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.10.2022 19:07