AZ EN RU

5 ay ərzində muxtar respublikada 205 elektron imza sertifikatı verilib

    Elektron imza elektron məkanda imzalamanı təmin edən və bütün beynəlxalq təhlükəsizlik standartına cavab verən tam təkmil imzalama vasitəsidir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən informasiya təhlükəsizliyini təmin edən elektron imza muxtar respublikada da uğurla tətbiq edilməkdədir.
    Elektron imza sertifikatının tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin bir sıra üstünlükləri vardır. Belə ki, vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsini və vətəndaş-hökumət arasında elektron informasiya münasibətlərini təmin edir.
    Muxtar respublika üzrə cari ilin 5 ayı ərzində 151-i dövlət qurumu, 19-u hüquqi şəxs, 28-i sahibkar və 7-si vətəndaş olmaqla, ümumilikdə, 205 nəfərə elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. 
    Elektron imzadan bütün vətəndaşlar, o cümlədən fiziki şəxslər, hüquqi şəxslər və dövlət orqanları istifadə edə bilərlər. Elektron imzanı almaq üçün  qanunvericiliklə müəyyən olunmuş sənədlər Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır. Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu dövlət qurumları üçün 58, hüquqi şəxslər üçün 72, sahibkarlar üçün 36, vətəndaşlar üçün isə 18 manat təşkil edir, istifadə müddəti 3 ildir. 
    Qeyd edək ki, elektron imza və ondan istifadə qaydaları barədə ətraflı məlumatları rabite.nmr.az saytı vasitəsilə əldə etmək olar.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.06.2022 20:39