AZ EN RU

30 ildi aydınlaşmayan məsələ və ya mənəvi işgəncə...

Ötən ilin sonlarında muxtar respublikada baş verən məlum hadisələrdən sonra ictimai nəzarətin gücləndirilməsinin nəticəsi olaraq peşəmizlə əlaqədar onlarla insanın fikirləri ilə tanış olur, həllivacib məsələləri araşdıraraq gündəmə gətirməyə çalışırıq. Bu günlərdə redaksiyamıza daxil olan daha bir müraciəti nəzərdən keçirəndə qeyri-iradi böyük demokrat yazıçımız Cəlil Məmmədquluzadənin məşhur “Niyə məni döyürsünüz?” məqaləsində tənqid hədəfinə tuş gələn, qabardılan məsələlər keçdi düşüncəmizdən. Bəli, müraciətlə məqalə arasındakı oxşarlıq kor həqiqətdirsə, o dövrdən fərqli olaraq indiki korluğa səbəb avamlıq, gerilik deyil, səhlənkarlıq, etinasızlıqdır. Müraciətə edən şəxsin təqdim etdiyi sənədlərdən, söylədiklərindən məlum olur ki, aradan bir əsrə yaxın zaman ötməsinə rəğmən hələ də mənən döyülmə halları davam edir. Ən acınacaqlı hal isə mənəviyyatı zərbə alanın Vətən uğrunda döyüşən, yaralanan biri olmasıdır. Xülasə keçək əsas mətləbə...


1964-cü il oktyabrın 13-də Naxçıvan şəhərində dünyaya göz açan Aydın Hüseynov ötən əsrin 90-cı illərində digər vətənpərvər eloğlularımız kimi, Vətən uğrunda özünü oda, alova atmaqdan çəkinməyib, ərazi bütövlüyümüzün qorunması, torpaqlarımızın mənfurlara qurban getməməsi naminə cəbhəyə yollanıb. Belə ki, o 1992-ci il 9 iyun tarixində Sədərəkdə gedən qızğın döyüşlərə qatılıb. Həmin il iyulun 1-də sağ tərəf qarın boşluğundan 3 güllə yarası aldığı üçün döyüş meydanından təxliyə olunub. Əvvəlcə ona Şərur rayon xəstəxanasında ilkin tibbi yardım göstərilib, daha sonra ozamanki Nəriman Nərimanov adına Respublika Xəstəxanasına aparılaraq orada müalicə olunub, iyulun 8-dən isə müalicəsi ev şəraitində davam etdirilib. Naxçıvan Muxtar Respublikası Hərbi Komissarlığı tərəfindən qəhrəman eloğlumuzun səfərbər olunaraq Naxçıvan Dövlət Müdafiə Komitəsinə təhfil verilməsi barədə arayış, güllə yarası alması haqqında xəstəxana sənədi olsa da, nədənsə hərbi biletində və komitənin hüquqi varisi olan 705 saylı hərbi hissənin arxiv əmr kitablarında döyüşlərdə iştirak etməsi, yaralanması barədə qeydlər edilməyib... 


Aydın Hüseynov deyir ki, yarası qismən sağaldıqdan sonra Naxçıvan Muxtar Respublikası Hərbi Komissarlığına məsələ ilə bağlı müraciət edib. Lakin aldığı cavab yarasına mənəvi məlhəm olmaq əvəzinə sanki duz basıb. O, müharibədən yeni çıxmış biri kimi bu hadisədən bərk sarsılıb. Belə ki Naxçıvan Muxtar Respublikası Hərbi Komissarlığının Şahin Fərəcov adlı əməkdaşı ona yalnız müəyyən qədər vəsaiti ödədikdən sonra müharibə veteranı statusu ilə təmin olunmasına köməklik edəcəyini bildirib. O zaman məlum səbəblərdən işsiz qaldığı üçün həmin vəsaiti ödəyə bilmədiyindən, necə deyərlər haqqı olanı ona verməkdən boyun qaçırıblar. Daha sonra hərbi biletində və Naxçıvan Dövlət Müdafiə Komitəsinin hüquqi varisi olan 705 saylı hərbi hissənin arxiv əmr kitablarında döyüşlərlərdə iştirak etməsi, yaralanması barədə qeydlərin olmadığı ilə bağlı hərbi hissənin komandanlığına da müraciət edib və problemin həllinin ancaq məhkəmə qərarı əsasında mümkün olacağı cavabını alıb. Hər yandan əli üzülən, maddi, mənəvi iztirablar çəkən həmvətənimiz son ümid yeri kimi məhkəməyə üz tutub. Beləliklə 2016-cı il aprelin 29-da Aydın Hüseynovun hüquqi əhəmiyyət kəsb edən faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsində açıq məhkəmə iclasında baxılıb.

Məhkəmə tərəfindən şahid dindirilməsi, hüquqi sənədlər əsasında qət etilib ki, şəxsin ərizəsi təmin olunsun və Sədərəkdə gedən döyüşlərdə iştirak etməsi, həmin hərbi əməliyyatlar zamanı xəsarət alması faktı təsdiq edilsin.

Sənədləri nəzərdən keçirəndə Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Naxçıvan Muxtar Respublika Təşkilatı Naxçıvan şəhər şöbəsi tərəfindən 2000-ci il 31 may tarixində verilmiş arayışda da Aydın Hüseynovun müharibədə iştirak etdiyi və birliyin üzvü olduğu qeydinə rast gəldik. Ancaq bu arayışın da məsələnin həllində heç bir faydası olmadığı aydınlaşdı.

Əfsuslar olsun ki, qəhrəman eloğlumuzun müharibədə iştirakı, yaralanması barədə bütün hüquqi sənədlərin, müharibə şahidlərinin olmasına rəğmən 30 ilə yaxındır ki, məsələ həll olunmamış qalır. Bütün lazımi sənədlərə, məhkəmə qərarına baxmayaraq hərbi biletində döyüşlərdə iştirak etməsi, yaralanması ilə bağlı qeydlərin edilməməsi, müharibə veteranı statusu almaq müraciətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müsbət cavabın verilməməsi Aydına heç cür aydın deyil. Elə bizə də...


Aydınla birgə həmin vaxt döyüşlərdə iştirak edənlərdən Əli Həsənov, Rasim Babayev, Roman Əliyev də eyni aqibəti yaşadıqlarını, haqlarına düşən müharibə veteranı statusundan məhrum olduqlarını deyirlər. Onlar bizimlə söhbətlərində dəfələrlə uğrunda döyüşdükləri torpaqların düşmən əlinə keçməməsindən, eləcə də, müzəffər Ali Baş Komandanın qətiyyəti, I Qarabağ müharibəsi, Sədərək döyüşləri iştirakçılarının layiqli varisləri hesab etdikləri gənclərin qəhrəmanlıqları sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığa qovuşmasından qürur hissi keçirdiklərini, ölkə başçımızın rəhbərliyi ilə şəhidlərimizə və qazilərimizə, Vətən müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısını da dilə gətirərək onların da problemlərinin ədalətli yolla həll olunacağına ümidvar olduğunu bildirdilər. 
İnanırıq ki, illərdir haqlı narazılıqları cavabsız qalan, bu səbəbdən sosial, maddi yardımlardan məhrum olan, sözün əsl mənasında mənəviyyatı zərbə alan, mənən döyülən Aydın Hüseynov, Əli Həsənov, Rasim Babayev, Roman Əliyev kimi insanların məsələsinə tezliklə aidiyyəti qurumlar tərəfindən hüquqi qiymət veriləcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 28.01.2023 13:14