AZ EN RU

3 sentyabr – Naxçıvanda əsası qoyulan müstəqillik, inkişaf və tərəqqi yolunun başlanğıc günü

Tarixi şəxsiyyətlər mənsub olduğu xalqın yaddaşında daim yaşayır. Ancaq elə şəxsiyyətlər də var ki, onların xidmətləri daha fenomenal xarakter daşıyır. Bu mənada milyonların qəlbində xidmətləri ilə əbədiyaşarlıq qazanan ulu öndər Heydər Əliyev tarixdə bir dəfə yetişən müdriklərdən olduğunu Vətəninə, xalqına, torpağına, yurduna bağlılığı ilə sübut edib, gələcək nəsillərə də örnək olub.

Ulu Öndər dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını gerçəkləşdirdi

Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi ulu öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində həm də milli dövlətçilik ideyasının gerçəkləşməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Azərbaycanı dünyaya tanıdan bu uğurların təməli isə 1991-ci il sentyabrın 3-də Naxçıvanda qoyulub. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçilib. Bununla da, qədim Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməlləri atılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dahi şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan dövrü barədə deyib: “Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı”.
Belə bir fikir var ki, böyük şəxsiyyətlərin dünyaya gəlişi sakit, idarəçiliyə gəlişi mərhələli, idarəçilikdən gedişi xarizmatik, siyasi hakimiyyətə yenidən qayıdışları isə möhtəşəm olur. Bu möhtəşəm qayıdış heç də həmişə yox, yalnız tarixin gedişatının dəyişdiyi məqamlarda baş verir. Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinə nəzər saldığımız zaman biz bu mərhələləri açıq-aydın görürük.

Dahi şəxsiyyətin ideya-siyasi istiqamətini xalqın tarixi yaddaşının bərpası, sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil edir

XX əsrin 60-cı illərinə qədər dövlət idarəçiliyinin müxtəlif və məsuliyyətli mərhələlərində çalışmış ümummilli lider Heydər Əliyev üçün 1969-cu il iyul ayının 14-dən sonrakı dövr yeni bir mərhələ olub. Bu mərhələdə xalqımızın böyük oğlu əsl dövlət xadimi kimi idarəçilik fəlsəfəsinin əsas konturlarını müəyyənləşdirib. Onun ideya-siyasi istiqamətini xalqın tarixi yaddaşının bərpası, sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil edirdi.

Ümummilli Liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə idi. Dünyanın iki nəhəng dövlətindən biri kimi tanınan Sovet İttifaqının rəhbərlərindən biri olmuş, uzun illər Azərbaycan Respublikasına bacarıqla rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi Azərbaycan milli dövlətçilik tarixinin ən mühüm hadisəsi, Azərbaycan xalqının itməkdə olan ümidlərinin dirçəldilməsi və gələcəyə inamının artması baxımından möhtəşəm dönüş idi.
“Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”, – deyən ümummilli liderimiz Heydər Əliyev 3 sentyabr 1991-ci ildən etibarən məhz bu fikirlərin işığında öz xilaskarlıq missiyasını həyata keçirdi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti dövründə qısa müddət ərzində neçə-neçə onilliklərə sığmayan böyük işlər gördü.

Bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası doğma Naxçıvanda qoyulub

Ali Məclisin Sədri kimi yorulmaq bilmədən çalışan Ümummilli Liderimiz düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirib. 1991-ci il sentyabrın 7-də Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edib. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıc nöqtəsi idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanması təmin olunub. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu Öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradılıb, Naxçıvanın müdafiə potensialı gücləndirilib, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası doğma Naxçıvanda qoyulub. İlk milli hərbi parad da 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilib.

Sarsılmaz birliyimiz, həmrəylimiz yolunda ilk addım

Muxtar respublikanın düşmən hücumundan və sosial-iqtisadi böhrandan xilası istiqamətində mühüm qərarlar qəbul edən dahi rəhbər digər tərəfdən Azərbaycanı müstəqil, xalqımızı firavan görmək istəyirdi. Ümummilli liderimiz Heydər Əliyevin Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi də bu istəkdən, bu arzudan irəli gəlirdi. Çünki xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi, bu mənada, xüsusi əhəmiyyətə malikdir.

Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərərkən xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atıb, 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər edib, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanıb, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulub.

Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılıb

Muxtar respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də görkəmli dövlət xadiminin diqqət mərkəzində olub. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilib, bu islahatlar aqrar bölmədə irəliləyişlərə səbəb olub. Bu qərarların qəbul edilməsi hazırkı dövrdə muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafını şərtləndirən mühüm amil olub, bununla da Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılıb.

YAP milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoyub

Ölkəmizin ictimai-siyasi həyatı, gələcəyi üçün daha mühüm bir hadisə 1992-ci il noyabrın 21-də yenə də Naxçıvanda baş verdi: müstəqil Azərbaycanın ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yaradıldı. Azərbaycanın gələcəyinin təhlükə qarşısında qaldığı, dövlətimizin taleyinin həll olunduğu bir dövrdə yaranan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu. Güclü sosial bazası, gerçəkliyə əsaslanan proqramı, ən vacibi isə ulu öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması iyirminci əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi.

“...Gərək hər bir rəhbər adam belə hesab etsin ki, onun borcu xalqının, öz torpağının, rəhbərlik etdiyi vilayətin, respublikanın müqəddəsliyinin keşiyində durmaqdır. Demək, özünü bir kənara qoymalısan, öz şəxsi arzularından əl çəkməlisən, özünü ancaq bu işə sərf etməlisən”, – deyən Ümummilli Liderimiz muxtar respublikanın ozamankı ağır vəziyyətində – soyuq iş otağında, çıraq işığında xalq və dövlət üçün çalışmağın, bu yolda fədakarlıq göstərməyin real nümunəsini yaradıb.

Antimilli qüvvələrin siyasi mübarizə məntiqinə sığmayan əməlləri iflasa uğrayıb

Azərbaycanın siyasi burulğanlar məngənəsindən çıxa bilmədiyi 1991-1993-cü illərdə Naxçıvanda Ulu Öndərimiz tərəfindən taleyüklü addımlar atılır, Azərbaycanın gələcək müstəqilliyini təmin etməyə yönəlmiş qərarlar qəbul olunurdu. Bu isə ölkəmizin müstəqilliyini istəməyənləri razı salmırdı. Antimilli qüvvələr siyasi mübarizə məntiqinə sığmayan vasitələrdən istifadə etməyə çalışırdılar. 1992-ci il oktyabrın 24-də ozamankı iqtidarın təhriki ilə bir qrup silahlı şəxs Naxçıvanda ilk dövlət çevrilişi cəhdinə əl atdı. Lakin Heydər Əliyev dühasına inanan, onunla həmrəy olan xalqın qətiyyətli mövqeyi nəticəsində çevriliş cəhdi tam iflasa uğradı. Bu hadisə bir daha göstərdi ki, naxçıvanlılar ölkəni məhvə sürükləyənləri yox, məhz ümummilli lider Heydər Əliyevi dəstəkləyirlər.

Qeyd etmək lazımdır ki, Ulu Öndərin Ali Məclisin Sədri seçilməsi və bu vəzifədəki səmərəli fəaliyyəti təkcə muxtar respublikada yox, bütövlükdə Azərbaycan miqyasında ölkəmizin parlaq gələcəyinə olan inamı artırmışdı. Azərbaycanın digər regionlarında yaşayan insanlar xalqımızın böyük oğluna teleqramlar, məktublar göndərir, xalqın üzləşdiyi bəlaların məhz Onun müdrik və uzaqgörən siyasəti nəticəsində həll olunacağına inamlarını ifadə edirdilər. Beləliklə, Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı getdikcə zərurətə çevrilirdi. Xalq qəti əmin idi ki, ölkəni düşdüyü ağır siyasi böhrandan çıxarmağın, torpaqların itirilməsi təhlükəsindən xilas etməyin yeganə yolu dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışındadır. Ona görə də vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi möhtərəm Heydər Əliyevə üz tutdu. Ulu Öndər 1993-cü il iyunun 15-də ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı parçalanmaqdan xilas etdi.

Ümummilli Liderimiz işıqlı ideyalarını öz əməli işi ilə reallığa çevirib

Ümummilli lider Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirərək deyirdi: “Biz Azərbaycanda demokratik respublika, vətəndaş cəmiyyəti quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulan demokratik bir cəmiyyət olacaqdır”.

Dahi siyasətçi bu ideyalarını öz əməli işi ilə reallığa çevirərək qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı.
Ötən dövrdə Naxçıvan Muxtar Respublikasında da böyük inkişafa nail olunub. Bu gün əminliklə deyə bilərik ki, ümummilli liderimiz Heydər Əliyevin tarixin çətin məqamlarında böyük xilaskarlıq missiyasını həyata keçirərək qoruyub saxladığı və gələcək inkişaf proqramını müəyyən etdiyi Naxçıvan Muxtar Respublikası Ulu Öndərin arzularındakı inkişafa və tərəqqiyə qovuşub. Bütün bunlar Ümummilli Liderimizin dövlətçilik yolunun Naxçıvanda davam etdirilməsinin nəticəsidir.

Böyük şəxsiyyət yorulmaz mübarizəsi ilə yeni bir epoxa yaradıb - bu, ölkəmizin xilası və inkişafı epoxasıdır

Görkəmli dövlət xadimi Heydər Əliyevin istər Ali Məclisin Sədri işlədiyi, istərsə də Azərbaycan Respublikasının rəhbəri kimi fəaliyyət göstərdiyi illər ölkəmizdə müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi dövrü kimi yadda qalıb. Çətin və mürəkkəb dövrdə dahi şəxsiyyət yorulmaz mübarizəsi ilə yeni bir epoxa yaradıb. Bu, ölkəmizin xilası və inkişafı epoxasıdır. Çünki məhz həmin dövrdə bugünkü müstəqil, qüdrətli Azərbaycan Respublikasının təməlləri atılıb, 3 sentyabr 1991-ci ildən etibarən muxtar respublikamızda həyata keçirilən çoxşaxəli islahatlar bütün Azərbaycanda reallaşdırılıb. Ölkəmizin iqtisadi cəhətdən gücləndirilməsi, onun beynəlxalq aləmdə nüfuzunun ildən-ilə artması, Naxçıvandan başlanan ordu quruculuğu prosesinin Azərbaycan miqyasında davam etdirilməsi 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsinə yol açan Vətən müharibəsinin böyük Qələbə ilə başa çatmasına imkan verdi. Bu, müstəqil ölkəmizin hərtərəfli inkişafının, gücünün, qüdrətinin müqayisəsiz göstəricisidir.

Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur

Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası bu gün də ulu öndərimiz Heydər Əliyev yolunda inamla irəliləyir, inkişaf edir, yeni-yeni uğurlara imza atır. Bu il iyulun 16-da keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Ümummilli Liderin yoluna sədaqət, qarşıya qoyulan vəzifələr və müəyyənləşdirilən hədəflər ölkəmizdəki inkişaf, sabitlik və rifahı daha da möhkəmləndirəcəkdir. Bu yolda və qarşıya qoyulan vəzifələrin icrasında hər birinizə uğurlar arzulayır, çıxışımı ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıram: “Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini Ulu Öndər qoymuşdur. Biz bu siyasətə sadiqik. Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur”.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Nəşr edilib : 03.09.2022 16:43