AZ EN RU

2022-ci il ali təhsil müəssisələri üçün yaddaqalan olub

    Hər bir dövlətin inkişaf göstəricisi onun təhsil səviyyəsindən birbaşa asılıdır. Bu mənada, müasirləşən, inkişaf edən muxtar respublikamızda da təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu gün muxtar respublikada da fəaliyyət göstərən ali təhsil müəssisələri tədris prosesini müasir tələblərə görə uyğunlaşdıran, kadr potensialının formalaşdırılmasında xüsusi rol oynayan, modernləşmə proseslərini davam etdirmək məqsədilə 2021-2022-ci tədris ilində də cidd-cəhdlə çalışıb. 

    2022-ci il ölkənin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Naxçıvan Dövlət Universiteti üçün də düşərli il olub. Ötən il ərzində ali təhsil müəssisəsi istər respublikada, istərsə də beynəlxalq məkanda tələbə-müəllim heyətinin dəstəyi ilə layiqincə təmsil olunub. 2022-ci ildə universitet I beynəlxalq tibbi foruma ev sahibliyi etməklə ölkəmizdə, eyni zamanda qardaş ölkə Türkiyədə fəaliyyət göstərən universitetlərlə sıx əməkdaşlıq əlaqəsi qurub. Belə ki, bəhs olunan dövrdə ali təhsil müəssisəsi Türkiyənin Qaradəniz Texnik Universiteti, İstanbul Yeditəpə Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalamış, Ərzurum Atatürk Universiteti Xəstəxanası arasında birgə əməkdaşlığa dair müzakirələr aparmışdır. Eyni zamanda Ərzurum Atatürk və Van Yüzüncü il universitetlərinin rektorları başda olmaqla nümayəndə heyəti rəsmi işgüzar səfərdə olmuşlar. Həmçinin ölkənin öndə gələn digər universitetlərindən olan Azərbaycan Tibb Universiteti və İ.M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı ilə də əməkdaşlıq etməyə başlamışdır. Ali təhsil ocağı əməkdaşlıqla yanaşı, müxtəlif ixtisaslar üzrə mütəxəssislərlə birgə universitet tələbələri üçün təlim, ustad dərsləri və vebinarlar təşkil etmişdir. Natiqlik sahəsi üzrə mütəxəssis Cəlalə Nəzəroğlu, Azusa Pasifik Universitetinin professoru Nancy M. Ackles tərəfindən Xarici dillər fakültəsinin tələbələrinə keçirilən vebinar, Azərbaycan Dillər Universitetinin professoru Çəmən Babaxanovanın vebinarı, “Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyinin keçdiyi vebinar, Almaniyanın “Richard Volf” şirkətinin nümayəndələrinin və bir sıra tanınmış cərrahlarının iştirakı ilə keçirilən konfrans, KuCoin Kripto Birjasının Türkiyə Ambassadoru tərəfindən və Yıldız Texniki Universitetinin professoru Dilək Balık tərəfindən keçirilən vebinar elmi-təcrübi əhəmiyyətliliyi ilə yaddaqalan, tələbələr tərəfindən sevilən görüşlərdən olmuşdur. Qeyd etmək lazımdır ki, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, Əməkdar artist Elçin Allahverdiyevin ustad dərsləri keçməsi ənənə halını almışdır.
    Ötən il ərzində universitetdə müxtəlif kabinə və laboratoriyalar: Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində Sitologiya, Histologiya, Embriologiya, Anatomiya kabinələrinin, fakültə kitabxanasının və həmin fakültənin Baytarlıq təbabəti kafedrasında Patologiya kabinəsi və Mikrobiologiya və virusologiya laboratoriyası istifadəyə verilmişdir. Eyni zamanda universitet xəstəxanasında yeni Ürək və qan təzyiqi monitorinqi mərkəzi, Panoram rentgen, Allerqoloji və İmmunoloji və İnqalyasiya kabinələrinin açılışı olmuşdur.
    Unutmaq olmaz ki, universitetin inkişafına birbaşa təsir edən digər bir amil müəllim heyətinin fəaliyyətidir. 2022-ci il ərzində müəllimlərin 20-dən çox kitab və dərs vəsaitinin təqdimat mərasimi keçirilmişdir. 
    Universitet həyatında 2022-ci ilin fərqlənməsinin digər səbəblərindən biri də burada fəaliyyət göstərən tələbə təşkilatlarının uğurlu fəaliyyətidir. Tələbələrin fəaliyyətinin dəstəklənməsi istiqamətində bəstəkar tələbələrin konserti, əl işi hazırlayan tələbələrin fərdi sərgiləri kimi stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. Memarlıq və elektronika sahələri üzrə və oriqami sərgiləri yaddaqalan hadisələr sırasındadır. Eyni zamanda təhsil sahəsində magistr və IELTS imtahanına hazırlaşan tələbələr üçün pulsuz imtahan sessiyaları və xarici dildə təhsil alan tələbələrin dil biliyini yoxlama imtahanları və magistrantların nəşr olunmuş kitablarının təqdimatı keçirilib.
    Əsası 2000-ci il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Fərmanı ilə qoyulmuş Naxçıvan Müəllimlər İnstitutu da muxtar respublikada müvafiq səviyyələr üzrə ali təhsil və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsidir. 2022-ci ildə institut tədris planlarının tələblərinin ödənilməsi, əmək bazarının mövcud tələblərinə uyğun kadr hazırlığının aparılması, tədris işlərinin yerinə yetirilməsi səmərəliliyinin artırılması, institutun 2022-2027-ci illər üzrə 5 illik Strateji İnkişaf Planında qarşıya qoyulmuş hədəflərin yerinə yetirilməsi məqsədilə tədris işləri sahəsində bir sıra mühüm sənədlər hazırlanmış və işlər icra olunmuşdur. Tədrisin səmərəliliyinin artırılması və tələbə əsaslı tədrisin təkmilləşdirilməsi məqsədilə konfrans, seminar, təlim və treninqlər; Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə müxtəlif mövzularda 4 günlük təlimlər keçirilmiş, institutun tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev Bakı Biznes Universitetində Erasmus+ proqramı çərçivəsində 21-25 noyabr tarixlərdə keçirilən ali təhsildə keyfiyyət təminatı üzrə beynəlxalq həftədə iştirak edib. 
    Dünyagörüşünün, ümumi və ixtisas biliklərinin artırılması istiqamətində tələbələrlə dərsdənkənar keçilən açıq dərslər, təlimlər, sərgilər və dərnəklərin fəaliyyəti də xüsusi diqqətə səbəb olmuşdur. Belə ki, ötən tədris ili ərzində Təsviri incəsənət müəllimliyi ixtisasının III kurs tələbəsi Tənzilə İbadovanın “Həyatımın rəngləri” adlı fərdi rəsm sərgisi, həmin ixtisasın IV kurs tələbəsi Günay Kərimovanın “Sənətin harmoniyası” adlı fərdi rəsm sərgisi, “Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi, “Gəncliyimiz gələcəyimizdir” mövzusunda konfrans, “Mədəniyyətlərarası dialoq işığında Azərbaycan multikulturalizmi” mövzusunda dəyirmi masa bu sahədə görülən stimullaşdırıcı tədbirlər sırasında yer tutur.
    Eyni ilə tələbələrin elmi-tədqiqat fəaliyyətinin təşkili məsələlərinə mütəmadi olaraq baxılmış və zəruri qərarlar qəbul edilmişdir. Bu məsələnin yerinə yetirilməsi istiqamətində “Təhsilalanların elmi-tədqiqat fəaliyyətinin təşkili vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda seminar-mühazirələr də təşkil edilmişdir.
    İnstitutda tələbə-gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif tədbirlər təşkil olunmuş, bədii özfəaliyyət kollektivi və “Şən və hazırcavablar” klubunun, Tələbə teatr studiyasının işi genişləndirilmiş, diskussiyalar və xüsusi istedada malik olan tələbələrlə görüşlər keçirilmişdir. İnstitutda 2022-ci ildə tələbələrin asudə vaxtının düzgün təşkili üçün idman klubu tərəfindən müxtəlif səpkili idman oyunları təşkil edilmişdir.
    2022-ci ildə öz işini innovativ çağırışlara cavab verən müasir təhsil strategiyasının tələblərinə uyğun qurmuş digər bir ali təhsil ocağı isə “Naxçıvan” Universiteti olmuşdur. Belə ki, 2022-ci ildə universitetin professor-müəllim və tələbə heyəti elmi, ictimai və sosial həyatda aktivlik göstərmiş, bir çox layihələrin icrasında yaxından iştirak etmişdir. Müəllimlərin ixtisasartırma kurslarına cəlbi, yeni təlim metodlarından istifadə qarşıya qoyulmuş əsas istiqamətlərdəndir. Ötən il universitetin həyatında mühüm məqamlardan biri də “Naxçıvan” Universitetinin Avropa, Asiya, Yaxın Şərq, Afrika, Sakit Okean regionlarında fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında elmi-texniki, iqtisadi və mədəni əməkdaşlığın qurulması və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş müzakirələr və fikir mübadiləsi aparması olmuşdur. Eyni zamanda elmi sahədə də ciddi irəliləyişlər əldə edilmişdir. Ali təhsil ocağı “Naxçıvan Muxtar Respublikasında sənayenin diversifikasiyası beynəlxalq iqtisadi inteqrasiya amili kimi”, “Beynəlxalq İpək Yolu və Naxçıvan” və “Beynəlxalq Şərq konfransı” kimi beynəlxalq konfranslarda, “Naxçıvan Muxtar Respublikasının gələcək iqtisadi inkişaf və prioritetləri” kimi regional konfranslarda da yaxından iştirak etməyə nail olmuşdur. Bundan başqa, universitet əməkdaşlarının dünyanın nüfuzlu elmi jurnallarda çıxışları qarşıya qoyulan əsas istiqamətlərdəndir. Müasir dövrün tələblərinə uyğun olaraq 2021-2022-ci tədris ilində “Naxçıvan” Universitetində də STEAM layihəsi çərçivəsində eyniadlı mərkəz yaradılmışdır. Bu mərkəzin yaradılması aid ixtisaslarda tələbələrin nəzəri biliklərinin müasir təcrübi metodlarla daha da möhkəmləndirilməsinə, həmçinin müasir çağırışlara cavab verən yeni innovativ üsulların öyrənilməsinə xidmət edir. Görülən işlərin nəticəsidir ki, Naxçıvan şəhərində keçirilən “STEAM təhsil festivalı”nda universitetin komandaları II və III yerlərin qalibi olublar. “Naxçıvan” Universitetinin STEAM komandasının təqdim etdiyi layihələr festivalda “Yaşıl texnologiyalar” nominasiyası üzrə II, “Sosial texnologiyalar” nominasiyası üzrə isə III yerə layiq görülüb. 
    Ali təhsil ocaqları qazandıqları uğurlarla bərabər Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsində, onların vətənpərvər ruhda formalaşmasında mühüm rol oynamışlar. Əminik ki, bundan sonrakı illərdə də bu amalla çıxdıqları yolda möhkəm addımlarla irəliləyəcəklər.

 Bülbül QULİYEVA
 Aysel YUSİFZADƏ

Nəşr edilib : 24.01.2023 19:17