AZ EN RU

20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

    20 Yanvar tariximizin qəhrəmanlıq salnaməsi, xalqımızın vətənpərvərlik nümunəsi, azadlıq mübarizəsinin rəmzi, iftixar günüdür. Yanvarın 19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilməmiş, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdirmişlər. Azərbaycan övladları ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya göstərərək 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu tarix Azərbaycan xalqının əyilməz bir xalq olduğunu, müstəqilliyi pay olaraq deyil, haqqı olaraq qazandığını sübut edir.

    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə... Xalqımızın tarixinə qanla yazılmış bir səhifə. Bu səhifəni təkcə faciə adlandırmaq olmaz. Bu, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, azadlıq istəyinin oyanış günüdür. Uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 
    1990-cı il yanvarın ortalarında silahsız, dinc əhaliyə qarşı keçirilən həmin qanlı əməliyyat SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostov vilayətlərindən səfərbərliyə alınmış erməni əsgər və zabitlər, orduda xidmət edən ermənilər daxil edilmişdi. Xüsusi təlim keçmiş qoşun hissələri yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə 3 istiqamətdə yeridilərək dinc əhaliyə qarşı misligörünməmiş vəhşiliklər etmişlər. Bu hadisə zamanı 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almış, 841 nəfər qanunsuz həbs edilmişdir.
    “Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində Bakıda törədilmiş qırğının əsl mahiyyətini gizlədərək yazırdı: “Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Məqsəd əhalini sovet ordusuna və hüquq-mühafizə orqanlarına qarşı qaldırmaqdır...”
    Bu qanlı terrora qədər artıq Naxçıvanın Ermənistanla sərhədində ermənilər sovet qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçmişdilər. Bakıda və Azərbaycanın digər bölgələrində sovet ordusunun törətdiyi qanlı cinayətlərlə Naxçıvana erməni hücumunun, zaman etibarilə, üst-üstə düşməsi hadisələrin eyni mərkəzdən idarə olunduğunu sübut edirdi. Sədərəyi qoruyan könüllülər oldu. Həmin gün 8 şəhid verildi. Erməni quldurları Naxçıvan torpaqlarını ələ keçirmək məqsədilə 1990-1993-cü illərdə dəfələrlə Sədərəyə hücum ediblər. Daha dəqiq desək, bu qısa müddətdə Sədərəkdə 14 dəfə qanlı döyüş olub. Həmin döyüşlərdə 108 nəfər şəhidlik zirvəsinə ucalmışdır. 
    Bu dövrdə Naxçıvanda baş verən hadisələri ümummilli liderimiz Heydər Əliyev belə dəyərləndirmişdir: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, qan tökülmüş və erməni quldur dəstələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmişdir. Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə Azərbaycanı Naxçıvanla bağlayan dəmiryol xətləri və avtomobil yolları kəsilmiş, Naxçıvana Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq taleyi qismət olmuşdur. Məhz belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı. Milli istiqlaliyyət uğrunda mübarizə yollarında o zaman Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə öz müsbət təsirini göstərdi”.
    Bu qanlı terror aktına ilk dəfə öz etirazını bildirən ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, bu cinayəti pisləmiş, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi kəskin ittiham etmişdi. Görkəmli dövlət xadimi Bakıda törədilən qanlı faciənin təşkilatçılarını cinayətkar adlandırmış və aksiyanı törədənlərin məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb etmişdir. Onu da xüsusi vurğulamaq lazımdır ki, SSRİ-nin hələ hökmünü sürdürdüyü vaxtda ölkəni və onun başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ancaq ulu öndərimiz öz bəyanatında açıq şəkildə ozamankı SSRİ rəhbərinin birbaşa göstərişi ilə tökülən qanlara etirazını, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü bildirmiş, ağır günlərdə xalqının yanında olduğunu bir daha sübut etmişdir. Xalqımızın böyük oğlunun bu bəyanatı bütün dünyada geniş əks-səda doğurmuşdur. Ulu öndər sonradan o günləri xatırlayarkən demişdir: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”.  
    Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının ən çətin anında Moskvadan doğma Vətəninə qayıdanda Azərbaycan çox ağır günlərini yaşayırdı. Respublikamız parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Xalqımızın böyük oğlu Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da onu xalqa zidd hakimiyyət tərəfindən bir o qədər təzyiq və hədələr gözləyirdi. Buna baxmayaraq, ulu öndərimiz Vətənə döndü. Böyük siyasətçinin öz xalqına olan sevgisi, xalqın da ümummilli liderimizə inamı məkrli qüvvələrin arzularını ürəklərində qoydu.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında ümummilli liderimiz tərəfindən hazırlanan və onun təşəbbüsü ilə qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə olaraq yanvar hadisələrinə siyasi qiymət verilir, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi. Qərarda deyilirdi: “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda baş vermiş hadisələrə münasibətini bildirərək qeyd edir ki, sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərini işğal etmiş, dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədərək silahlı təcavüz göstərmişlər. Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır. Respublika rəhbərliyi əvvəlcədən xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir əməli tədbir görməmiş, səbatsızlıq göstərmiş, yol verilən cinayətlərin iştirakçısı ola-ola zahirən hadisələrdən kənarda qalmağa çalışmışdır”. Bu tarixi sənəddə 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında “Milli Matəm Günü” kimi qeyd olunması da öz əksini tapmışdır. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılmış, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuşdur.
    Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Ümummilli liderimizin 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunmuşdur. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi də məhz ümummilli liderimizin təşəbbüsü ilə baş vermişdir.
    Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Azərbaycan dövlətinin iqtisadi, siyasi və hərbi qüdrətinin günbəgün artması, haqq səsimizin beynəlxalq tribunalardan səslənməsi xalqımızın bir daha faciələrlə, soyqırımlarla sınağa çəkilməyəcəyinə təminat verir. 
    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sen­tyabrın 27-dən etibarən 44 gün davam edən Vətən müharibəsində müzəffər Ordumuz əzəli torpaqlarımızı işğaldan azad etdi, şəhidlərimizin qisası alındı, tökülən qanlar yerdə qalmadı, Azərbaycan misilsiz tarixi qələbə qazandı. Ölkə Prezidentinin də dediyi kimi: “Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik”. 
    Azərbaycan xalqı 20 Yanvar günü, istiqlaliyyət, torpağı, azadlığı, xalqı, onun gələcəyi naminə haqq səsini ucaldaraq şəhidlik zirvəsinə ucalan oğul və qızlarına söz vermişdi ki, uğrunda can qoyduqları bu Vətənin müstəqilliyini təmin edəcək, doğma ərazilərinə göz dikən mənfur düşmənə layiqli cavab verərək ərazi bütövlüyünü sonsuzadək qoruyacaq. Ulu öndər Heydər Əliyevin də dediyi kimi: “Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik”. Və müzəffər Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Zəfər yürüşü düz 32 il əvvəl verdiyimiz sözün yerinə yetdiyi, şəhidlərimizin ruhunun şad olduğu müqəddəs anlarla tarixə həkk olundu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Qarabağın tacı Şuşanın işğalçılardan azad edilməsi xəbərini də məhz Şəhidlər xiyabanından Azərbaycan xalqına müjdələməsi təsadüfi deyildi: “2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!” Bəli, Azərbaycan xalqı zülmə qarşı barışmaz olduğunu 20 Yanvar gecəsində sübut etdiyi kimi, illər sonra Vətən müharibəsində düşmənə “dəmir yumruq” ilə layiqli cavab verərək bir daha bütün dünyaya bəyan etdi. 44 günlük müharibədəki tarixi Qələbə ilə xalqımız Vətəni canından, qanından artıq sevdiyini bir daha dosta da, düşmənə də nümayiş etdirdi. 
    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən faciə istiqlaliyyət, suverenlik, müstəqillik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının apardığı mücadilənin unudulmaz səhifəsidir. Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir. Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12-də Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də qürur mənbəyi olacaqdır. Xalqımız əsl qəhrəmanlıq və vətənpərvərlik nümunəsi, şərəf tariximiz olan bu günü heç vaxt unutmayacaqdır. Tarixi qələbəmiz, müstəqil və qüdrətli Azərbaycan isə şəhidlərimizin ruhuna ehtiramın ən yüksək ifadəsidir. Nə qədər ki, qüdrətli Azərbaycan, müzəffər Ordumuz, vətənpərvər xalqımız var, şəhidlərimizin xatirəsi də əbədi yaşayacaq, Vətən, torpaq, dövlətçilik uğrunda canından keçənlər heç vaxt unudulmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azadlıq, müstəqillik uğrunda özlərini qurban verən şəhidlərimizin xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

“Şərq qapısı”

Nəşr edilib : 19.01.2022 20:38